`Qarabağ - `Xəzər-L.` tarixi. Araşdırma
`Qarabağ - `Xəzər-L.` tarixi. Araşdırma
Bazar günü `Qarabağ`ımız `Xəzər-Lənkəran`ı qəbul edəcək. Cari mövsüm yüksək hədəflər uğrunda mübarizə aparan komandalar 2-3-cü pillədə qərarlaşıblar. Turnir cədvəli baxımından da gərginlik vəd edən, ölkəmizdə maraqla gözlənilən derbi tərəflərin sayca 17-ci görüşü olacaq. Görəsən, arxada buraxdığımız 16 qarşılaşmada nələr baş verib?
Komandaların bu müddətdə yollarının kəsişməsinin xülasəsini sizə təqdim edirik:
2004-2005 mövsümündə baş tutmuş ilk oyunda Samir Musayevin dublu və Vadim Vasiliyevin möhtəşəm qoluna rəqib yalnız Samir Əliyevin təsəlli qolu ilə cavab verə bildi,3:1. Əvəzində komandamız üçün çempionluq yolunda çox vacib cavab qarşılaşmasında Lənkəran təmsilçisi qalib gəldi,0:3.
2005-2006 mövsümündə də komandalar hərəyə üç xal qazanıblar. Ilk dövrədə `Şəfa` stadionunda keçirilən `ev` matçında 2:1 hesabı ilə qələbə qazanan Qarabağ`ımız cavab qarşılaşmasında 2:0-lıq məğlubiyyətlə üzləşdi.
2006-2007 mövsümündə rəqiblərdən sevinən tərəf cənub təmsilçisi olur. Uyğun olaraq 2:0 və 4:1.
2007-2008 mövsümündə isə komandalar eyni nəticəni göstərib. Səfərdə 2:0 hesabıyla məğlub olsaq da (Elmar Baxşıyev və Juninyo) doğma meydanda cənublulara eyni aqibəti yaşatmışdıq. Vaqif Cavadov və Zaur Həşimovun qolları komandamıza qələbə gətirmişdi.
2008-2009. İlk oyun Lənkəranda baş tutdu. Vaqif Cavadov, Zaur Ramazanov və Sedat Saininin vurduğu qollara sadəcə Mario Souza uzatma dəqiqələrində cavab verə bildi. Belədə, komandamız 3:1-lik qələbəylə Lənkəranda ilk qələbəsini qazandı. Cavab görüşü isə komandamızın Quzanlıda qazandığı ilk 3 xal kimi tarixə düşdü. Artim Şakirinin sona yaxın vurduğu qol komandamızın cənublular üzərində ardıcıl 3-cü qələbəsini rəsmiləşdirdi.
2009-2010 mövsümündə çempionatın yeni formatı ilə əlaqədar olaraq tərəflər 4 dəfə qarşılaşmalı oldu. Üstəlik, kubokun ¼ final mərhələsində tərəflər münasibətlərini ayırd etməli oldular. Təsnifat mərhələsində ilk dövrədə Quzanlıda baş tutan matçda Rauf Əliyev 85-ci dəqiqədə başla vurduğu gözəl qolla komandamıza qələbə gətirdi. Fevralın 13-ündə baş tutan cavab görüşündə isə meydandan qol səsi çıxmadı. Bu eyni zamanda tərəflər arasında birincilikdə keçirilən 12-ci oyunda ilk heç-heçə kimi tarixə düşdü. Final mərhələsində ilk oyun aprelin 3-ündə Lənkəranda baş tutdu. Buna qədər 5 oyundu çempionatda cənublulara məğlub olmayan komandamız 3 il sonra rəqibindən xal ala bilmədi. Kabral və Marionun qollarına Adamiya bir dəfə cavab verə bildi. Cavab görüşündə isə komandamız Rəşad Sadıqov və Rauf Əliyevin vurduğu qollarla 2:1 qalib gəldi. Kubok qarşıdurmasında isə `Qarabağ`ımız ilk görüşdə 2:1 qələbə qazansa da, cavab görüşündə 1:0 məğlub oldu.
2010-2011. Heç-heçələri sevməyən tərəflər təsnifat mərhələsində bu dəfə də hərəyə bir qələbə qazandılar. Amma bu dəfə qələbə tərəfləri dəyişdilər. Adətən ev oyunlarında üstün olan komandalar bu dəfə səfərdə 3 xalı qazandılar. Oktyabrın 30-unda Tofiq Bəhramov adına respublika stadionunda baş tutmuş görüşdə nominal ev sahibi olan komandamız 1:0 hesabıyla məğlub oldu. Arbanasın vurduğu baxımlı qol oyunda yeganə oldu. Qış fasiləsinə yollanmamışdan öncə bu dəfə tərəflər 16-cı dəfə üz-üzə gəldilər. Rauf Əliyevin benefisi ilə yadda qaldı. Alim Qurbanovun 1 qoluna gənc forvardımız dublla cavab vedi.
Beləliklə, arxada qalan 16 görüşdə komandamız 8 qələbə qazanaraq 7 dəfə məğlub olub. Cəmi 1 görüşdə tərəflər 1 xala razılaşıblar. Topların fərqində isə lənkəranlılar üstündü, 17-20.
Qeyd: Bu araşdırma `Qarabağ` FK mətbuat xidmətinə məxsusdur. İstifadə zamanı istinad zəruridir.