“Qarabağ” “Xəzər-Lənkəran”ı dirçəlməyə qoymadı ( çempion, 05.10.2005)
5 Okt 2005
“Qarabağ” “Xəzər-Lənkəran”ı dirçəlməyə qoymadı ( çempion, 05.10.2005)
Sən demə, bu dirçəliş nisbi xarakter daşıyırmış. Çünki “Qarabağ”la oyunda hamı cənublulardan qələbə gözləsə də, bu baş vermədi. Sözün düzü, buna baxımlı oyun göstərən meydan sahibləri də imkan vermədilər. Heyətdə əməli dəyişikliklər edən Nazim Süleymanov Mikayıl Namazovu sağ cinaha çəkmiş, Vüsal Hüseynova yarımmüdafiə xəttində yer vermişdi. Ancaq Vüsalın oyunu o qədər də uğurlu alınmadı və təsadüfi deyil ki, məşqçi artıq onu birinci hissədə əvəzləməli oldu. Bundan başqa, “Xəzər-Lənkəran”ın heyətindəki daha bir yenilik zədəsini Aleksandr Martyoşkinin yenidən çərçivəyə dönüşü ilə bağlı idi. Oyun “Xəzər-Lənkəran”ın hücumları ilə başlansa da, “Qarabağ”ın ilk təhlükəli hücumu qolla nəticələndi. Kravçenkonun 4 müdafiəçinin arasından Müşfiq Hüseynovu qapıçı ilə təkbətək çıxartdı ki, forvard bir toxunuşla topu qapıçının başı üzərindən çərçivəyə göndərdi. Buraxılan qoldan sonra dərhal irəli atılan cənublular ardıcıl bir neçə təhlükəli qol vəziyyətləri ilə meydan sahiblərinin müdafiə xəttini təşvişə saldılar. 25-ci dəqiqədə Zaur Ramazanovun 25 metrdən zərbəsini Cahangir son anda barmaqlarının ucu ilə dəf edə bildi. “Qarabağ” da zərbə vurmaqda rəqibinə borclu qalmadı. 3 dəqiqə sonra Sokolovskinin yerinə yetirdiyi cərimə zərbəsindən sonra Martyoşkin gözəl oynadı. Birinci hissənin sonlarına yaxın lənkəranlılar hesabı bərabərləşdirmək üçün daha bir fürsəti boşa verdilər. Alimin cihan ötürməsindən sonra Samir boş qapını dəqiq nişan ala bilmədi. İkinci hissəyə yenə qonaqlar fəal başlasalar da, qolu yenə “Qarabağ” vurdu. Bu epizodu Azər Cabbarovun payına yazmaq lazımdır. Zarafat deyil, yarımmüdafiəçi öz cinahında təxminən 40 metr məsafəni irəlilədikdən sonra iki lənkəranlı müdafiəçini də arxada qoyaraq Voskoboyniki zərbə mövqeyinə çıxartdı. Qapıçı ilə təkbətək qalan ukraynalı texniki fəndlə Martyoşkini keçsə də, qolkiper onu məcburən yıxdı. Hakimin təyin etdiyi penaltini Samir Musayev dəqiq yerinə yetirdi. Qoldan 4 dəqiqə sonra “Xəzər-Lənkəran” hesab arasındakı fərqi azaltmağa müvəffəq oldu. Saviçin gözəl ötürməsindən sonra gənc Hüseyn İsgəndərovun bir anlıq sayıqlığı itirməsi Samirin topa yiyələnməsi ilə nəticələndi. Nəticədə forvard qapıya o qədər də qüvvətli olmayan zərbə endirsə də, Cahangirin bu epizoda heç bir reaksiya göstərməməsi hesabın dəyişməsinə şərait yaratdı. Son dəqiqələrdə oyun daha kobud xarakter almağa başladı. Hakim qırmızı vərəqəyə əl atmasa da, 10 sarı vərəqə göstərdi. “Xəzər-Lənkəran” nə qədər çalışsa sa, ağdamlıların müdafiə xəttini qıra bilmədi. Nəticə isə klubun ölkə çempionatında ardıcıl 5-ci məğlubiyyəti ilə nəticələndi.
Elxan Abdullayev (”Qarabağ”ın baş məşqçisi): “Oyundan razıyam. Yetirmələrim istədiyim nəticəni göstərə bildilər. Hazırda komandada əla atmosfer var. Əgər bu tempi sona qədər davam etdirsək, yüksək yerlər uğrunda mübarizə apara bilərik”.
Nazim Süleymanov (”Xəzər-Lənkəran”ın baş məşqçisi): “Uduzsaq da, komandamdan razı qaldım. Bu gün onlar sübut etdilər ki, oynaya bilirlər. Nə etmək olar ki, komanda psixoloji durumunu hələ də düzəldə bilmir. Komandada nizam-intizamla bağlı problemlər var və bunu aradan qaldırmağa çalışırıq”.