“Qarabağ”: Xəzərdən Mərmərəyə, Aralıq dənizindən Qara dənizə hər yerdə, hər zaman (azfutbol.com)

single-news
11 İyn 2011

“Qarabağ”: Xəzərdən Mərmərəyə, Aralıq dənizindən Qara dənizə hər yerdə, hər zaman (azfutbol.com)



Azərbaycanda çempion olmasa Azərbaycanda çempion olmasına söz ola bilməz. 3 ildi xalqa əsl qələbə sevdası daddırır. Söhbət ölkə daxili geydirmə zəfərlərdən deyil, qitəmiqyaslı yarışlardakı qələbələrdən gedir. Futbolsevərlər ürəkdən sevinmək üçün yaydan yaya səbr etməli olurlar ki, “Qarabağ”ın sayəsində dünyaya var olduqlarını göstərsinlər.
 
2010/11 mövsümünü kuboksuz, qızıl medallarsız tamamlamalı oldu Ağdam təmsilçisi. Bu müddət ərzində nə mükafat ala bildi, nə də ölkə başçısının qəbuluna düşdü. Amma “Qarabağ” rəhbərliyi, futbolçuları və texniki heyəti üzülmədi, bədbinliyə qapılmadı. Səbəb sadədi: hər şey yenidən və məhz yay aylarında başlayacaq. Kimiləri üçün kubok qazanmaq, kimiləri üçün çempion olmaq, kimiləri üçün isə ölkə prezidentinin qəbuluna düşmək önəmlidi. Fakt odu ki, “Qarabağ” üçün önəmli olan xalqa qələbə sevinci yaşatmaqdı.
 
AFFA tərəfindən yada salınmamasına rəğmən, sadə ölkə vətəndaşlarının, ölkə xaricində futbolu sevən, ona dəyər verən insanların, qurumların diqqət mərkəzindədi. Adının çəkilməməsini istəməməsinə rəğmən Türkiyə və dünyada yaşayan türk dilində danışan hər kəsin ən sevimli idman radiosu olan “Radyospor”, habelə “Çukurova Express” qəzetinin və Türk Spor Adamları Dərnəyi birlikdə düzənlədiyi mərasimdə bütün diqqətlər “Qarabağ”da idi. Mete Düren səviyyəsində təmsil olunan “Beşiktaş” belə Ağdam təmsilçisi qədər diqqət mərkəzində deyildi. Aralıq dənizinin kənarında yerləşən, türk və ərəb mədəniyyətlərini özündə birləşdirən Mersində Azərbaycan təmsilçisinə maraq həddsiz-hüdudsuz idi…
 
Tahir Gözəli gözləyirdi bütün tədbir iştirakçıları. Mete Düren, Saran holdinq başqanı, “Radyospor”un şefi Saadətdin Saran, Ömər Üründül və başqaları. Onların hər hərəkətindən, davranış və danışığından bunu hiss etmək mümkün idi. Dortmund “Borussiya”sının əsas sahibi, klubun səhmlərinin böyük bir hissəsini əlində cəmləyən Saadətdin Saran daha çox intizarda idi. Çünki cari mövsümü Bundesliqa çempionu kimi tamamlayan, ötən yay “Qarabağ”ı Avroliqanın qrup mərhələsinin qapısından qaytaran klubun başqanı Tahir bəylə görüşüb, klubları qardaşlaşdırmaq, əlaqələri sıxlaşdırmaq üçün danışıq aparmaq niyyətində idi. Alınmadı. Bileti alınmasına rəğmən, son anda mühim işi çıxan “Qarabağ” başqanı Mersindəki törənə qatıla bilmədi. Lakin hətta Tahir bəyin gəlməməsi belə Ağdam təmsilçisinə marağı azaltmadı. Əmrah Çəlikəl klub başqanı əvəzinə ödül alarkən, ödül almamışdan əvvəl qarşılaşdığı təzahüratlarla qarşılaşdı. Hər kəs ayaqda alqışladı, hər kəs Çəlikələ, klubuna və təmsil etdiyi şəxsə uğurlar arzuladı. Rəhbərliyinin, türkiyədəki futbolsevərlərin sayəsində “Qarabağ” layiq olduğu tərzdə mükafatlandırıldı.
 
Tədbir iştirakçıları yalnız “Qarabağ” klubundan danışmadılar. Ağdam təmsilçisi Qarabağ problemini də müzakirə olunmasına nail oldu. Daha doğrusu, hər kəs “Qarabağ” kimi uğurlu bir komandanın nə üçün köçkün həyatı sürməsindən danışdı, erməniləri lənətlədi. İstər Türkiyənin tanınmış media təmsilçiləri, istər işadamları, istərsə də futbol ailəsinin üzvləri erməni işğalını pislədi, türk xalqını Azərbaycana arxa olmağa səslədi.  İyunun 12-də hökuməti formalaşdırmaq üçün səsverməyə gedəcək Türkiyə dövlətinin vətəndaşları öz problemlərindən deyil, Qarabağ münaqişəsindən danışır, rəsmi Ankaranın daim Bakının yanında olmasını tələb edirdi. Qardaşlıq nümunəsi idi. “Qarabağ” rəhbərliyi bir növ Azərbaycan üçün lobbi fəaliyyəti yürüdür və bu məsələdə əlindən gələni əsirgəmirdi. Mersində, ərəb və türk mədəniyyətinin qovşağında, ərəblər və türklərin yanaşı yaşadığı məkanda insanlar Kipr, yaxud Fələstin problemindən deyil, Azərbaycanın məruz qaldığı işğaldan danışırdılar.
 
“Qarabağ”ı mərasimdə təmsil edən şəxslərə gəlincə, Əmrah Çəlikəl olduqca təmkinli, sadəlövlüyü ilə böyük rəğbət qazandı desək, yanılmarıq. Vətənində özünü türk deyil, azərbaycanlı sayan klub rəsmisi Azərbaycana olan sevgisini hərəkətlərində açıq-aşkar hiss etdirirdi. Türkiyənin idman və siyasət adamlarının qatıldığı məclisdə Çəlikəl davranışları ilə yalnız özünə deyil, təmsil etdiyi klub və Azərbaycana da böyük hörmət qazandırdı.  Əmrah bəy keçirdiyi ikili görüşlərdə həm Azərbaycan futbolundakı tərəqqidən, həm də ölkədəki inkişafdan ağızdolusu danışırdı…
 
Rəşad FƏRHADOĞLU
 
P.S. Mərasimdəki ən yadda qalan məqamlardan biri də ödül almaq üçün fəxri kürsüyə çıxan Əmrah Çəlikəlin söylədiyi nitqin ardından yerinə keçər-keçməz Azərbaycan – Almaniya matçındakı son durumu xəbər alması idi. Aldığı cavab isə “Qarabağ” rəsmisinin sifətindəki sevinc cizgilərini yerli-dibli yox etdi.

Paylaş

// pop up