“Qarabağ" Yaman və Tuayevlə anlaşmadı (HET-TRIK, 28.12.2005)
28 Dek 2005
“Qarabağ" Yaman və Tuayevlə anlaşmadı (HET-TRIK, 28.12.2005)
"Gənclərbirliyi" ilə oyundan sonra Elxan Abdullayevlə yollarını ayırmaq qərarına gələn "Qarabağ" rəhbərliyi bir həftədir axtarışdadır. Yeni baş məşqçinin kimliyi isə bu gedişlə tezliklə bəlli olan deyil. Namizəd kimi bir çox mütəxəssisin adı hallansa da, hələ ki bunun real nəticəsi yoxdur. Klub rəsmiləri isə eyni vaxtda həm Azərbaycanda, həm də ondan kənarda axtarışda olduğunu söyləyir. "Karvan"ın sabiq çalışdırıcısı Fuad Yamanın da gəlişi alınmayacaq.
Hazırda "Kocaelispor"da işləyən məşqçi Türkiyənin birinci liqasını qoyub Azərbaycana qayıtmağa hazırdır. Bunun üçün Ağdam komandasının rəhbərliyi Yamanla bir illik müqavilə bağlamalı və 300 min dollar həvəsləndirici para ödəməlidir. Fuad bəy üstəlik aylıq 15 min dollar məvacib tələb edir. Cari mövsüm üçün böyük pullar xərcləmək istəməyən "Qarabağ" rəhbərliyi bu variantı arxa plana keçirib. Yaman da bundan xəbərdardır. "Qarabağ" barədə danışmaqdan imtina eləməsi və məsələ haqda açıqlama verməyi sonraya saxlaması boş-boşuna ola bilməz. Görünür, o, klub boslarının qəti cavabını öyrənməmiş mətbuat önünə çıxmağa ehtiyatlanır. Qarşı tərəfsə öz işindədir. Əldə etdiyimiz məlumata görə, komandanın vitse-prezidenti Tahir Gözəl bu günlərdə Kazbek Tuayevlə görüşüb. Bir neçə saatlıq söhbət zamanı kollektivlə əlaqədar məsələlərin müzakirə olunduğu deyilir. Amma nədənsə rəhbərlik sonradan Tuayevlə anlaşmaqdan imtina edib. Millidən ayrıldıqdan sonra yenidən işsiz qalan Vaqif Sadıqovla bağlı isə fikirlər müxtəlifdir. Onun "Qarabağ"a gəlişini istəməyənlər klub daxilində kifayət qədərdir.
İndi əsas namizəd Elbrus Abbasovdur. Hərçənd icraçı direktor Əmrah Çəlikəl Bunu etiraf etmək istəmir. Onun sözlərinə görə, rəhbərlik müxtəlif variantlar üzərində baş sındırır, yekun nəticə isə hələ hasil olmayıb: "Yaxın günlərdə bu məsələyə aydınlıq gəlməlidir. Çalışacağıq ki, problem yeni ilə qalmasın".
Elbrus Abbasovsa "Qarabağ" rəhbərliyi ilə görüşmədiyini bildirir. Bununla belə, o, tezliklə hər şeyin yoluna qoyulacağını düşünür: "Hamı deyir ki, sən "Qarabağ"a qayıtmalısan. Nə deyirəm ki? İndi son söz klub prezidentinindir. Görək onların qərarı nə olacaq. Rəhbərlik hazırkı məqamda vəziyyəti düzgün qiymətləndirməlidir".
Müsahibimizin fikrincə, "Qarabağ"ın böhranla üzləşməsinin əsas səbəbi komandada işlərin düzgün qurulmamasıdır. Əvvəlki məşqçilərin səhv islahatlar etdiyini deyən Abbasov transfer çalışmalarının yanlış istiqamət üzrə aparıldığını düşünür: "Mən bu klubun prezidentini yaxşı tanıyıram. Abdulbari Gözəllə yayda bir dəfə də görüşmüşük. İndiki vaxtda qardaş-qardaşa 100 dollar vermir, o isə milyon dollarlarla pulunu futbola qoyur. Abdulbari bəyin vəsaitini göyə sovurmaq insafsızlıq olardı. Amma baxıram ki, bu baxımdan vəziyyət ürəkaçan deyil. Komandaya cəlb edilən futbolçuların əksəri "Qarabağ"ın adına layiq olmayanlardır. Hər gələn məşqçi özünə yaxın olan oyunçuları dəvət edir. Belə olmaz axı. Kollektiv ki bir olmadı, ondan heç nə gözləmə. Mən "Qarabağ"da həmin atmosferi müşahidə etmirəm. Birlik olmayan yerdə həmişə uğursuzluqların baş alıb getməsi təbiidir. Gərək baş məşqçi düzgün startegiya seçsin ki, rəhbərlik də ona inansın. Axı "Qarabağ" həm də siyasi komandadır".
Elbrus bəyin fikrincə, "Qarabağ"ı hazırkı acınacaqlı vəziyyətdən çıxara bilər. O, bunun üçün özünü hazır sayır. Klubun ölkə çempionatları tarixində sonuncu dəfə 1996-cı ildə onun başçılığı ilə birincilik sevincini yaşadığını xatırladan çalışdırıcı yenidən bu uğuru təkrarlamaq istəyindədir: "Qarabağ" elə bir komandadır ki, burada nəticə qazanmaq niyyətində olan məşqçi hər şeyi bilməlidir, buranın mühitinə yaxından bələd olmalıdır. "Qarabağ"a əvvəlki şöhrətini qaytarmaq nə çətin məsələdir ki? Komandanı yaxından tanıyıram, bilirəm ki, nə vaxt nə etmək lazımdır. "Qarabağ"ı pulsuz-parasız vaxtlarda avrokuboklara çıxaran oğlanlar bu gün də ona qadirdir".