"Qarabağ" yenə hədəfdən yayındı (FUTBOL+, 04.01.2006)
4 Yan 2006
"Qarabağ" yenə hədəfdən yayındı (FUTBOL+, 04.01.2006)
Dekabrın 22-də Elxan Abdullayevlə yollarını ayıran "Qarabağ" yeni ilə bir gün qalmış 2005-dəki 3-cü baş məşqçisinə qovuşdu. Ötən sayımızda qeyd etdiyimiz kimi, bu mümkün namizəd kimi adı hallandırılan Böyükağa Ağayev oldu.
Çempionluğu hədəfləməsinə rəğmən, Abdullayevin rəhbərliyi altında birinci dövrəni uğursuz keçirən bölgə təmsilçisinin yenidən yerli mütəxəssisə bel bağlaması bir qədər gözlənilməz oldu. Çünki "Qarabağ" rəsmiləri daha çox əcnəbi mütəxəssisə üstünlük verəcəklərini bildirirdi. Rəhbərliyin son anda yerli mütəxssislə kifayətlənməsi isə çox güman ki, Ağdam təmsilçisi üçün öz iddalarını həyata keçirməyin qeyri-mümkün görünməsindən irəli gəlir. Belə ki, çempionluq tam əldən çıxdığı üçün yeganə ümid yeri ölkə kubokudu ki, ona da mövsümün digər uğursuzu "Xəzər-Lənkəran" başda olmaqla, göz dikənlər çoxdu. Məhz bu üzdən mövsümün boşa verildiyini görən "Qarabağ" rəsmiləri vəziyyəti bu şəkildə qiymətləndirdi. Hər halda, klubun daxili işi olduğundan bu məsələ üzərində çox dayanmaq istəməzdim. Amma məhz bu məqam Ağdam təmsilçisinin yaxınlarda yığmanın baza klubuna çevriləcəyi haqda şübhələri bir qədər də artırdı. Çünki ötən sayımıza müsahibə verərkən millinin çalışdırıcısı Şahin Diniyev də "Qarabağ"la bağlı planlarının olduğunu gizlətməmişdi.
"Qarabağ"ın rəsmi saytında xəbər verilir ki, baş məşqçinin adı açıqlandığı gün, yəni dekabrın 30-da klubun ofisində 4 namizədlə görüş keçirilib. Danışıqlar birbaşa klub prezidenti Abdulbari Gözəl tərəfindən aparılıb. Onlardan ikisi yerli mütəxəssis, adları açıqlanmayan digər iki namizəddən biri Türkiyədən, digəri isə Ukraynadan olub. Klubun dəvətiylə Bakıya təşrif buyuran əcnəbi məşqçilərlə iki gün ərzində aparılan danışıqlar sonucunda heç bir nəticə hasil olmayıb. Əvəzində klub prezidenti ən ideal variant kimi Ağayevi seçib. O yeni məşqçiyə xeyir-dua verərək vəzifəsinin öhdəsindən layiqincə gələcəyinə inamını bildirib.
"Qarabağ"ın icraçı direktoru Əmrah Çəlikəllə söhbətimizdə danışıqlar aparılan digər namizədlərin adını öyrənməyə çalışsaq da, o bunun gizli saxlanıldığını bildirdi:...