“Qarabağ” yenə milliyə ən çox futbolçu verən komanda oldu (qol.az)

single-news
11 May 2010

“Qarabağ” yenə milliyə ən çox futbolçu verən komanda oldu (qol.az)



Berti Foqts millimizin Avstriyadakı hazırlıq prosesinə aparacağı 25 nəfərlik heyətdə iki debutant futbolçuya da yer ayırıb. Qol.Az-ın məlumatına görə, bunlar ilk dəfə əsas komandamıza çağırılan “Qəbələ”nin gənc futbolçuları Vurğun Hüseynov və Arif Daşdəmirovdur. Onları bir müddət öncə keçirilən seleksiya prosesinə dəvət edən və həmin toplanışdan bəyənən Foqts indi də ölkə xaricində keçiriləcək hazırlıqlarda yoxlamaq istəyir.
Əvəzində Foqtsun bəzi oyunçuları millinin bu dəfəki toplanışa çağırmaması diqqət çəkir. Məsələn, elə onun bir müddət öncə təşkil olunan seleksiya xarakterli toplanışa çağırdığı, Türkiyə “Orduspor”unda oynayan hücumçu Anatoli Ponomaryova dəvət göndərməməsi diqqət çəkir. Baxmayaraq ki, yığmamızın qarşıdakı yoldaşlıq görüşlərində hücumçu sarıdan korluq çəkdiyi siyahıdan da aşkar görünür. Məsələ burasındadı ki, almaniyalı mütəxəssis adətən əsas komandaya çağırdığı Vüqar Nadirova dəvət göndərməyib.
Baş məşqçinin dəvət göndərdiyi futbolçulara klublar üzrə diqqət yetirdikdə, yenə millidə ən çox oyunçuyla “Qarabağ”ın təmsil olunduğunu görürük. Foqts Ağdam klubundan 7 oyunçuya (Fərhad Vəliyev, Rəşad Sadıqov, Elnur Allahverdiyev, Maksim Medvedev, Elvin Məmmədov, Əfran İsmayılov, Rauf Əliyev) dəvət göndərib. Milliyə daha çox oyunçu verən komandaların sıralamasında ikinci yer “Neftçi”yə məxsusdu. “Ağ-qaralı” düşərgədən əsas komandamıza 5 futbolçu (Ruslan Abışov, Rail Məlikov, Araz Abdullayev, Amit Quluzadə, Cavid Hüseynov) çağırılıb.
“İnter” millidə 4 oyunçuyla (Səlahət Ağayev, Vladimir Levin, Samir Abasov, Aleksandr Çertoqanov) təmsil olunduğu halda, “Xəzər Lənkəran” (Kamran Ağayev, Rahid Əmirquliyev), “Bakı” (Saşa Yunisoğlu, Fabio Luis Ramin) və “Qəbələ” (Vurğun Hüseynov, Arif Daşdəmirov) hərəyə iki futbolçu verib. “İlk altılıq” komandalarından fərqli, “ikinci altılıq”da mübarizə aparan komandalardan yalnız bir komanda - “Standard” əsas komandaya oyunçu verməsiylə öyünə bilər – Fərid Quliyev. Mahir Şükürovla (“Anji”, Rusiya) Vaqif Cavadov (“Tvente”, Hollandiya) isə ölkə xaricində top qovan legionerlərimizdi.


 

 

Paylaş

// pop up