"Qarabağ" yolu!
"Qarabağ" yolu!
AMAL
Ölkə telekanallarının etinasızlığı nəticəsində növbəti tarixi matçı canlı izləyə bilməsək də, ürəyimiz, dualarımız və bütün diqqətimiz Avropada şərəfli tariximizi yazan "Qarabağ"la birgə idi. Sevinirik, xoşbəxtik ki, Allah dualarımızı eşidir, BİZİM "QARABAĞ"ımız Avropanı uzaq Skandinaviyadan başlayaraq diz çökdürməyə davam edir! Bu zəfərin bizə gətirdiyi qürur hissini ən azı üçqat saymaq olar. Çünki zəfərin memarları qanı qanımızdan, canı canımızdan olan azərbaycanlı balalarıdı. Əslində "Qarabağ"ın heyəti gözümüzdə elə qəhrəmanlaşıb, müqəddəsləşib ki, kimisə ayırıb, xüsusi vurğulamaq günah olardı. Amma bir məqamı xüsusi qeyd etməyə bilmərəm. Komandanın qapısının toxunulmaz qalmasında böyük rolu olan müdafiə və yarımmüdafiəçilərin əksəri almaniyalı Gede adlı özünü məşqçi sayan şəxs tərəfindən "Neftçi"nin heyətindən uzaqlaşdırılanlardısa, Helsinkidəki zəfər qolumuzun müəllifi Xodukin tərəfindən "İnter"in ehtiyat oyunçu statusununa layiq görülən Elvin Məmmədovdu. Bu mənada zəfərin məhz bu futboluların iştirakıyla və müqəddəs Qarabağımızın adını daşıyan klubumuz tərəfindən qazanılması xüsusi qürurvericidi.
Başqalarını bilmirəm, mən "Qarabağ"ın Helsinkidən zəfərlə dönəcəyinə adım kimi inanırdım. Taleyin qismətidi ki, Elvin uzaq Helsinkidə rəqibin qapı torunu silkələdiyi anda telefonda məni hədsiz vətənpərvərliyə və futbolçularımıza güvəndə suçlayan dostuma "Qarabağ"ın indicə qol vuracağını deyirdim. Elə həmin dəqiqə möcüzə baş verdi və ekranın sol küncündəki hesab tablosu BİZİM xeyrimizə dəyişdi. Bu hissləri yaşamağa və gerçəkləşdirməyə layiq millətik. Yəqin ki, həmin saniyə harda olmasından asılı olmayaraq, bir çoxları eyni hissləri və duyğuları, FUTBOL adlanan gözəlliyin sirli xoşbəxtliyini yaşamaqdaydı. Sanki futbol Tanrısı da uğursuzluqlardan bezdiyimizin fərqindədi. Ona görə də yığmamızın çətin Almaniya sınağı ərəfəsində belə gözəl zəfər anlarını bizlərə yaşatmaqla gücümüzə inanmalı olduğumuzu bizə başa salmağa çalışır. Məni birdən-birə zəfərdən cuşa gəlib soyuqqanlı almanlara meydan oxumaqda suçlamayın. Axı bizim Fərhadın, Rəşadın, Elvinin və digər "Qarabağ"lı qəhrəmanlarımızın adı dev kimi səslənən komandaların heyətindəki futbolçulardan nəyi əskikdi?! Razıyam ki, hələ qarşıda daha çətin sınaqlar, məsul oyunlar var. Amma nə olur-olsun, gəlin heç olmasa, bircə günlüyə də olsa, bu zəfərin xoşbəxtliyinə qapılaq, hər şeyi unudaq. İnanıram ki, artıq futbolçu kimi adını yazdığımız, futbol tariximizə məşqçi kimi də əbədi düşməyi bacaran Qurban Qurbanov nöbvəti həftə "Honka"yla Bakıda baş tutacaq cavab oyununa yetirmələrini lazımi səviyyədə hazırlaya biləcək. Sözsüz ki, biz də tribunalarda öz yerimizi tutmaqla həm zəfərin iştirakçısı, həm də şahidinə çevrilmək şansını əldən buraxmayacağıq. Bu yerdə yadıma keçən həftə "Qarabağ"ın "Rusenborq" üzərində unudulmaz zəfərindən sonra stadionun yaxınlığında "Bakı" klubunun baş məşqçisi Qyoko Hacievskiylə təsadüfi görüşüm düşdü. Makedoniyalı çalışdırıcıyla bir-birimizi təbrik etdikdən sonra üzümü ona tutub "cənab Hacievski, budu, sizin açdığınız uğurlu yolu "Qarabağ" davam etdirdi, növbəti mərhələyə adladı" söylədim. Budu, "Qarabağ öz yolunu daha da uğurla qət etməyə davam edərək boyundan bir balaca da hündürə tullanıb səfərdən evə qələbəylə dönməyi bacardı. İndi mən yenidən qiyabi də olsa, üzümü cənab Hacievskiyə tutub deyirəm: "Qarabağ" uğurumuzun davamını gətirərək, səfərdə favorit komanda üzərində qələbənin belə mümkün olduğunu isbatladı. Buyurun, indi növbə sizindi! Həqiqətən də "Bakı"nın da səfərdən qələbəylə dönməsi üçün heç bir maneə yoxdu. Buna əmin olmaq üçün "zolaqlılar"ın "Levski"yə qarşı sərgilədiyi oyunun ikinci hissəsinə yenidən baxmaq yetər. Həm Hacievski bu zəfərin memarı olacaq məşqçi bacarığına, həm də "Bakı"nın futbolçular bu tarixi yazacaq gücə sahibdilər. Qalır bu gücdən, potensialdan düzgün yararlanıb, "Qarabağ"dan səfər qələbəsi estafetini uğurla qəbul etmək. Biz sizə inanırıq. İnşallah, gələn həftə yenidən həm "Qarabağ"ın, həm də "Bakı"nın bizə yaşadacaqları növbəti zəfərləri yaşamaq üçün səbrsizliklə dəqiqələri, saatları saymaqdayıq! Bu, yeni və daha möhtəşəm zəfərlərin başlanğıcıdı. Bu, zəfər yolu, "Qarabağ"ın yoludu! Zəfərimiz mübarək! Yeni zəfərlərə doğru!