"QARABAĞ" - "ZESTAFONİ" 0:0

single-news
9 İyl 2008

"QARABAĞ" - "ZESTAFONİ" 0:0



“Qarabağ” Futbol Klubu Qızılcahamamda hazırlıqlarını davam etdirir. Bu gün komandamız Türkiyədəki təlim-məşq toplanışı zamanı ilk yoxlama oyununu keçirib.  “Qarabağ” FK-nın rəqibi son mövsüm Gürcüstan kubokunu qazanmış “Zestafoni” kollektivi olub. Komandamızın ilk ciddi sınağı “Patalya” hotelinin idman kompleksində baş tutub.

Komandamız meydana ənənəvi olaraq 4-4-2 sxemiylə çıxıb. Komandamızın baş məşqçisi Rasim Kara qapını Osman Umarova həvalə edib. Müdafiə xəttində isə Zaur Həşimov solda, sağda isə Timur İsrafilov qərarlaşıb. Müdafiənin mərkəzində isə baxışa gələn iki legioner türkiyəli Muammer və makedoniyalı Zekeriyyə Ramazani mövqe tutub. Yeri gəlmişkən, Ramazaninin oyununu bəyənən komandamız müdafiəçi ilə müqavilə bağlamağa hazırlaşır. Meydanın mərkəzində Aslan Kərimov və Ayxan Abbasov, cinahlarda isə daha bir baxışda olan türkiyəli Abdullah və Murad Ağakişiyev “işləməli” idi. Hücumda tək qalan bolqar Raço Rayevin arxasında isə Artim Şakiri qərarlaşmışdı.

Elə oyunda ilk qol epizodunu komandamızın plameykeri Şakiri yaratdı. Makedoniyalının  təxminən 30 metrdən vurduğu zərbədə azacıq dəqiqlik çatmadı. Ümumiyyətlə, Şakiri ilk yarıda komandamızın ən fəallarından idi. Onun müvafiq olaraq 27 və 35 metrdən endirdiyi zərbələr möhtəşəm alınsada hər iki epizodda gürcü qapıçı təhlükəni zərərsizlədirə bildi. “Zestafoni”inin ən tühlükəli vəziyyəti 42-ci dəqiqədə baş tutdu. Kilaçidzenin təkbətəkdən zərbəsi dəqiq olmadı.

İkinci yarıya komandamız 9 əvəzləməylə  başladı. Osman və Muammerlə yanaşı meydana Maksim, Hüseyn, Azər, Bayram, Namiq, Şəhriyar, Əfran, Rauf və Vaqif daxil oldu. İkinci yarıda da ilk təhlükəli vəziyyəti komandamız yaratdı. Şəhriyar Raufun əla ötürməsi zamanı zərbə mövqeyinə çıxsa da, 17 yaşlı futbolçunun zərbəsini qapıçı dəf etdi.

Matçın hazırlıq olduğunu nəzərə alan tərəflər yetərincə əvəzetməyə əl atdı ki, bu baxımdan komandamız qapıçıdan başqa hər kəsi dəyişdi. Belə ki, Emin Mustafayev, Natiq Kərimi, Aqşin Mehdiev də forma geyinmək şansı əldə etdi.

Matç sonuna kimi hər iki tərəfin səylərinə baxmayaraq hesab açılmadı və tərəflər heç-heçəyə razılaşmalı oldu.

 Xatırladaq ki, komandamız növbəti oyunu Türkiyə superliqasına yenicə vəsiqə qazanmış “Eskişehir”lə olacaq. İyulun 12-ində keçiriləcək oyun saat 17:30-da keçiriləcək.  

 

Paylaş

// pop up