“Qarabağ”da daha üç imza (FUTBOL+, 07.02.2006)
7 Fev 2006
“Qarabağ”da daha üç imza (FUTBOL+, 07.02.2006)
Dünən istirahət edən “Qarabağ”ın futbolçuları bugündən Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda məşqlərə başlayır. Həftəsonu ölkə çempionatı çərçivəsində sözügedən arenada “Turan”la qarşılaşacaq Böyükağa Ağayevin yetirmələri gündə bir dəfə məşq keçəcək.
Dünən Ağdam klubu baxışda olan daha üç futbolçuyla müqavilə imzaladı. Bunlar “Bakı”dan transfer olunan Fərid Quliyev, “Gəncə”ylə yollarını ayıran yarımmüdafiəçi Elmir Xankişiyev və müdafiəçi Ramiz Hüseynovdu. Xatırladaq ki, bunadək qərb klubunda yaranan problemlə əlaqədar “Qarabağ” dörd gəncəli futbolçunu sıralarına qatmışdı. Bununla da qərb klubunun tənəzzülündən ən çox yararlanan komanda Ağdam təmsilçisi oldu. Son transferlərdən sonra “Qarabağ”ın yenilərinin sayı 10-a çatdı. Amma bu son deyil. Belə ki, güclü pleymeyker axtarışında olan klub rəsmiləri hələ də Asen Nikolovun keçidini rəsmiləşdirə bilməyib. Çünki onun Bakıya dönüşü gecikir. Bolqar futbolçunun üçillik müqaviləylə bağlı olduğu “Turan”ın icraçı direktoru Yaşar Sultanov da bizimlə söhbətdə onun yolunu gözlədiklərini söylədi: “Biz də Asenin qayıtmamısından narahatıq. Onunla hansısa komandanın maraqlanmasından xəbərsizəm. Bilmirik ki, kimlərlə danışıq aparır. Heç rəsmi şəkildə “Turan”a müraciət edən də olmayıb. Yalnız qəzetlərdən xəbər tutmuşam ki, “Qarabağ” futbolçumuzun əməyində maraqlıdı. Ancaq ağdamlılar yalnız Romal Hüseynovla bağlı bizimlə razılığa gəlib. Yaxın günlərdə Nikolov Bakıya gəlməlidi. Komandanın hazırlığına vaxtında qatılmadığına görə ilk növbədə onu tənbeh edəcəyik. Daha sonra onun əməyində maraqlı olan komanda tapılarsa və razılaşa bilsək, ya icarəyə verəcək, ya da satacağıq”.
“Turan”la iyuladək müqaviləylə bağlı olan baş məşqçi Naci Şensoy qarşılıqlı razılıq əsasında Türkiyəyə döndüyündən dünən onun fikirlərini öyrənmək üçün qonşu ölkəyə də telefon açdıq. Çünki onun ən sevimli oyunçularından olan Asenin taleyindən xəbərsiz olmadığı bəlli idi. Naci bəy həqiqətən Nikolovla bir həftə öncə əlaqə saxladığını bildirdi. Ancaq futbolçu ona Azərbaycan yox, yerli klublarla danışıq apardığını bildirib. Daha dəqiq desək, Sofiya ÇSKA-sıyla. Lakin bu xəbəri təsdiqləyən hər hansı bir qaynaq tapa bilmədik. Nikolovun telefonu da söndürüldüyü üçün onunla danışmaq cəhdlərimiz faydasız qaldı.
“Qarabağ” rəsmilərindən Asenlə yanaşı, daha bir yarımmüdafiəçi axtardığını da öyrəndik. Etibarlı mənbədən aldığımız məlumata görə, hətta bu məqsədlə klubun seleksiyaçı məşqçisi İlqar Əmirov İspaniyaya gedib. Yaxın keçmişdə “Barselona”nın heyətində top qovan ispan pleymeykerlə danışıq aparan Əmirovun bu məsələni fevralın 10-dək həll ediləcəyi gözlənilir. Təəssüf ki, həmin oyunçunun kimliyini dəqiqləşdirə bilmədik.