“Qarabağ”da iki xorvatiyalı (ÇEMPİON, 25.07.2005)

single-news
25 İyl 2005

“Qarabağ”da iki xorvatiyalı (ÇEMPİON, 25.07.2005)



Ağdamlılar hazırlıqlarını “Şəfa”nın süni örtüklü meydançasında və Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadonunda davam etdirirlər. Hazırda klubun düşərgəsində ikisi qapıçı olmaqla 18 futbolçu var. Bir müddət öncə “Karvan”ın heyətində Türkiyəyə yollanmış Aslan Kərimov da Elxan Abdullayevin ixtiyarındadır. “Qarabağ”ın şənbə günü keçirdiyi məşqdə iki yeni futbolçu da baxışdan keçirilirdi. Dado və Bekki adlı xorvatiyalı futbolçular ilk baxışdan o qədər də pis təsir bağışlamadılar. Qeyd edək ki, onların hər ikisi müdəfiəçidirlər. Lakin futbolçuların komandada qalıb-qalmayacağı qarşıdakı günlərdə dəqiqləşəcək. İyulun 23-də keçirilən məşqdən sonra futbolçulara birgünlük istirahət verilib. Hazırlıqdan sonra baş məşqçi ilə komandanın hazırkı vəziyyəti ilə bağlı qısaca söhbətləşdik: - Xorvatiyalılardan başqa, komandaya yeni futbolçuların qoşulması gözlənilirmi? - Bəli. Yaxın günlərdə Türkiyədən, Serbiya və Çernoqoriyadan və Ruminiyadan bir neçə oyunçu gələcək. Axtarışlarımız davam edir. - Samir Musayevin məsələsi nə yerdədir? - Samir bizim futbolçudur və hazırda bizimlə müqaviləsi davam edir. Sadəcə Türkiyədən yenicə qayıtdığından bir az yorğun olduğuna görə məşqlərimizdə iştirak etmir. Aslan Kərimov da “Karvan”ın düşərgəsində idi, lakin gördüyünüz kimi, o hazırda bizimlə bir yerdədir. Müqaviləsi olmayan digər yerli futbolçularla yaxın günlərdə müqavilə imzalayacağıq. - Hazırlıq planlarınız necədir? - Bir qədər gecikdiyimizi etiraf etməliyəm. Lakin artıq gələcəyə baxmalıyıq. İyulun 25-dən avqustun 5-nə kimi Qaxda təlim-məşq toplanışımız olacaq. Bir neçə yoldaşlıq görüşü də keçirəcəyik. Rəqiblərimizdən birinin “Gəncə” olacağı artıq dəqiqləşib.

Paylaş