"Qarabağ"da nə baş verir? (futbol+, 12.01.2006)

single-news
21 Yan 2006

"Qarabağ"da nə baş verir? (futbol+, 12.01.2006)



...və ya bir daha kütləvi vidalaşma haqda İkinci dövrəyə hazırlığa başlayan komandalara "Qarabağ" da qoşuldu. Belə ki, dünəndən yeni baş məşqçi Böyükağa Ağayevin rəhbərliyi ilə bir araya gələn Ağdam klubunun üzvləri Zaqulbadakı "Gənclik" sanatoriyasında məskunlaşıb. Axtarışları davam etdirən komanda hələlik köhnə futbolçularla hazırlığa start versə də, yaxın günlərdə yeni transferlər gözlənilir. Yanvarın 21-də Antalyaya yollanacaq "Qarabağ" Türkiyəyə gedənədək heyətinə qatmaq istədiyi yerli oyunçuların transferini həll etmək fikrindədi. Legionerlər isə Antalyada sınaqdan keçiriləcək və bəyənilən əcnəbi Ağdam klubuna keçəcək. "Qarabağ" rəhbərliyi dövrələrarası fasilədə baş məşqçi Elxan Abdullayevi istefaya göndərəndən sonra boş qalan posta tezliklə yenisini gətirdi. Amma Abdullayevlə eyni vaxta transferə çıxarılan 9 futbolçunun əvəzində yeni transferlər hələ ki gecikir. Hər halda, bu yöndə işlərin getdiyini iddia edən klub rəsmiləri yaxın günlərdə alacaqları futbolçuların adını açıqlayacaqlarını deyir. Bununla işimiz yox. Ancaq "Qarabağ" ətrafında son vaxtlar baş verən hadisələr və gəzən söz-söhbətlər var ki, onlara toxunmaya bilməzdik. Xatırlayırsızsa, yeni çalışdırıcı Böyükağa bəy klub prezidentiylə ilk görüşündə ondan yalnız təmiz və baxımlı futbol sərgiləyən kollektiv yaratmaq tapşırığı aldı. Rəhbərliyin təmiz futbol oynamağa bu qədər ciddi önəm verməsi öncə diqqət çəkməsə də, son günlər yayılan şayiələr ortaya yeni mətləblər çıxardı. Belə ki, transferə çıxarılan 9 oyunçunun ardınca öz istəyi ilə "Turan"a keçən Azər Cabbarovun klubdan narazılıqla ayrılması haqda söz-söhbət yayıldı. Bunu ciddi şəkildə təkzib etməsinə rəğmən, futbolçunun adı oyun alverində hallandırıldı. Ancaq bu işlə bağlı adı hallanan təkcə Cabbarov deyildi. Belə ki, həm fasilədən dərhal sonra komandadan ayrılanların, həm də qalanların arasında belələrinin olduğu deyilir. Bu söhbətlərin nə dərəcədə həqiqətəuyğun olub-olmadığı haqda konkret söz demək çətin olsa da, rəhbərliyin yeni çalışdırıcının təyinatı ərəfəsində birdən-birə 9 futbolçuyla yollarını ayırması, Cabbarovun "Turan"a keçidinə mane olmaması, eyni zamanda Ağayevə təmiz oyun sərgiləyən kollektiv yaratmağın tapşırılması istər-istəməz şühbələrə yol açır. Həmçinin komandanın transferə çıxardığı müdafiəçilər Blajenko Bekovaç, Dmitri Spirin, yarımmüdafiəçilər Denis Sokolovski, Rəşad Muradov, Dmitri Yeremeyev, Eltay Aslanov, Sergey Kravçenko, hücumçular Tərlan Mahmudov və Fəqan Şahbazovun yeni çalışdırıcının rəyini gözləmədən yola salınması da birmənalı qarşılanmır. Çünki hazırkı transfer bazarında adıçəkilən. yunçulara layiqli əvəzləyicilər tapılmasında Ağdam klubunun ciddi çətinliklərlə üzləşəcəyi istisna olunmur. Yəqin ki, mütəxəssislərin bu ehtimalının məntiqi nəticəsidi ki, bugünədək bölgə təmsilçisi yeni oyunçu almaq yönündə hələlik heç bir uğur əldə edə bilmir. Söz yox, rəhbərlik fasilədə komandadan ayrılması gözlənilən Aslan Kərimovu saxlaya bildi. Ancaq Ağdam klubunun problemlərinin belə köklü dəyişiklərlə də həll olunacağı güman olunmur. "Qarabağ" rəsmilərinin istəyinə nə dərəcədə nail olduğunu isə komandanın ikinci dövrədə qazandığı nəticələr göstərəcək

Paylaş

// pop up