"Qarabağ"da Yamanla anlaşmadan vaz keçdi (FUTBOL+, 25.08.2005)

single-news
25 Avq 2005

"Qarabağ"da Yamanla anlaşmadan vaz keçdi (FUTBOL+, 25.08.2005)



"Karvan"ın türkiyəli baş məşqçi Fuad Yamandan ayrılması heç də birmənalı qarşılanmadı. Səfərdə minimal hesablı yenilgiyə görə böyük ümidlərlə komandanın "sükanı arxasına" gətirilən Yamanın gedişində başqa məqamların olduğu da ehtimal olunurdu. Türkiyəli mütəxəssis vətəninə yollandıqdan sonra açıqlama verərək Azərbaycana dönəcəyini və "Karvan"la bəzi qaranlıq qalan məqamları aydınlaşdıracağını bildirmişdi. Onun dediyinə görə, çalışdırıcı postundan bu şəkildə getməyi özünə rəva bilməzdi. Yaman Türkiyədə verdiyi açıqlamada ölkəmizdə futbol adamlarıyla görüşəcəyini də vurğulamışdı. Sən demə, o Azərbaycandan birdəfəlik getmək fikrində deyilmiş. Yamanın bir neçə gün öncə ölkəmizə gəlişində bir maraqlı fakt ortaya çıxdı. Sən demə, o "Qarabağ"ın dəvətiylə Azərbaycana gəlib. "Qarabağ"ın bu addımı başadüşüləndi. İqor Ponomaryovun gedişindən sonra Türkiyədən çalışdırıcı gətirəcəyi gözlənilən "Qarabağ"ın rəhbərliyi vədinə indi əməl etmək istəyib. Kim bilir, bəlkə ağdamlılar hələ o vaxt Fuad Yamanı gözaltı edibmiş. Ola bilsin ki, "Karvan"ın daha çevik tərpənməsi "Qarabağ"ın planlarını pozub və sonda klub rəsmiləri boş qalan postu Elxan Abdullayevə tapşırmalı olub. Söz Abdullayevdən düşmüşkən, rəhbərliyin Yamanla gizli danışıq aparmasından Elxan bəyin xəbəri olmayıb: "İnanmıram ki, klub rəsmiləri belə sövdələşməyə getsin. Çünki işimin öhdəsindən hələ ki, layiqincə gələ bilirəm. Az vaxt ərzində heyəti yenidən komplektləşdirib mövsümə iddialı klub kimi başlamışıq. Yaxşı olardı ki, klub rəsmiləriylə əlaqə yaradasız". İnsaf naminə deyək ki, həqiqətən də "Qarabağ" iki turun yekununa görə gözlənilənin əksinə o qədər də zəif təsir bağışlamadı. Görünür elə "Qarabağ"ın iddialı görünməsi də klub rəsmilərinin iştahasını artırıb və rəhbərlik işsiz qalan Yamanı baş məşqçi postuna gətirmək istəyir. "Qarabağ"ın baş direktoru Əmrah Çəlikəl Fuad Yamanla danışıqlar masası arxasında oturduqlarını gizlətmir. Çəlikəllə əlaqə yaratdıqda məlum oldu ki, həqiqətən də "Qarabağ" rəhbərliyi türkiyəli mütəxəssislə Bakıda iki dəfə görüşüb. İlk görüş isə "Karvan"ın ofisində baş tutub: "Yaman Bakıda olarkən onunla iki dəfə görüşdük. Anlaşmamıza "Karvan"la müqaviləsi və müqavilədən irəli gələn bəzi problemlərin olması əngəl törətdi". Yamanın "Qarabağ"a keçidinin hələ də gündəmdə olmamasına gəldikdə, Çəlikəl artıq bu fikirlərindən vaz keçdiklərini vurğuladı: "O "Karvan"la problemlərini yoluna qoymuş olsa da, artıq bu keçid baş tutmayacaq".

Paylaş