"Qarabağ"da yenə məşqçi dəyişikliyi ehtimalı var (FUTBOL+, 06.09.2005)

single-news
6 Sen 2005

"Qarabağ"da yenə məşqçi dəyişikliyi ehtimalı var (FUTBOL+, 06.09.2005)



Elxan Abdullayev: "Elbrus Abbasov özünü reklam edir" Nədənsə "Qarabağ" yarandığı gündən bəri başıbəlalı klub damğasından yaxa qurtara bilmir. Siyasi münaqişə nəticəsində yer-yurdundan məhrum olmuş ağdamlıların düşərgəsində xoşagəlməz olaylar bitmək bilir. Elə bil bu komanda məşqçi və futbolçuları əlcək kimi dəyişməyi sevir. Ötən il uğursuzluğa düçar olaraq heyətin yarısından çoxunu itirən, hazırlığa xeyli gec başlayan "ağ-göylər" bununla belə ilk 3 turda məzmunlu və əzmkar oyun sərgiləməklə hələ çoxlarına başağrısı olacağını sübut etdi. Şübhəsiz, bunda klubun yeni, gənc baş məşqçisi Elxan Abdullayevin rolu böyükdü. Kifayət qədər kasıb heyətlə "Neftçi"dən xal alan Elxan bəyin işi deyəsən, heç cür rəhbərliyi qane etmir. Son vaxtlar "Qarabağ" ətrafında gəzən söz-söhbətlər də bunu təsdiq edir. İki gün öncə "Neftçi"nin məlum "ulduz məsələsi"ylə bağlı müraciət etdiyimiz Elbrus Abbasov çox maraqlı açıqlamalarıyla yadda qaldı. Mütəxəssis "Qarabağ"dan təklif aldığını, rəhbərliklə bu barədə söhbət etdiyini və yaxınlarda böyük futbola dönəcəyini bildirdi. Dünən bir daha əlaqə yaratdığımız Abbasov sözlərini təkzib etmədi: "Rəhbərlikdən mənimlə əlaqə saxlayıblar. Çox yüksək səviyyədə görüşümüz oldu. "Qarabağ"a gəlmək, işləmək təklif olundu. Düzü, hələ bir müddət düşünəcəm. Bir neçə başqa klubdan da təklif var. Amma mənəvi amilləri əsas götürdükdə "Qarabağ" daha yükdəkdə durur. Bir tərəfdən də qərar verməyə çətinlik çəkirəm. "Qarabağ" necə dönüm? Mən dediyim komanda orda yoxdu. Gəlsəm yəqin ki, özümlə bir neçə məşqçi və futbolçu da gətirəcəm". Ən çox maraq doğuran reaksiya şübhəsiz ki, klub rəhbərliyindən gəlməli idi. Hələ bir müddət öncə türkiyəli mütəxəssis Fuad Yamanı "Qarabağ"a gətirəcəkləri haqda gəzən söz-söhbətlər Ağdam klubunun rəhbərliyini hazırki baş məşqçi Elxan Abdullayevə çox güvənmədiyini göstərirdi. Görəsən, doğrudanmı ağdamlılar klubun yaradıcılarından biri olan Abbasovu yaddan çıxarmayıb? Bu məqsədlə klubun icraçı direktoru Əmrah Çəlikələ müraciət etdik. Aldığımız cavab çox maraqlı oldu: "Xeyr, bele söz-söhbətin haradan yarandığını başa düşə bilmirəm. Mən Elbrus Abbasovla danışmamışam. Heç rəhbərlikdən də kiminsə onunla danışaraq iş təklif etdiyini düşünmürəm.Bu absurddu. Məşqçimiz Elxan Abdullayevə tam etimad göstəririk. Onunla heç bir problemimiz yoxdur. Komandadaxili söz söhbətlər də hər yerdə olur. Yenə deyirəm, yolumuzu hazırkı məşqçimizlə davam edəcəyik. Mən bilmirəm Abbasov niyə ortada heç nə olmaya-olmaya iki gündən bir çıxıb "Qarabağ"a dönəcəyini deyir?" Klubun ilk üç turdakı məzmunlu oyununda böyük rolu olan gənc mütəxəssis Elxan Abdullayev Elbrus Abbasovun özünü reklam etdiyini deyir: " Mənimlə bu barədə heç nə danışmayıb, işimdən də narazı olduqlarını deməyiblər. Düşünürəm ki, hələ "Qarabağ"da qalacam. O ki qaldı Abbasovun sözlərinə, bunlar mənim üçün heç bir əhəmiyyət daşımır. Sadəcə, Elbrus bəy heç kimin yadına düşmədiyi üçün gündəmə çıxmaq istəyir və bu yolla da özünü reklam edir. O belə şeyləri xoşlayır. Çox maraqlıdı, komandanın təməlini qoyanlardan biri olan Elbrus Abbasov iki gün dalbadal açıqlamalarında doğma klubundan təklif aldığını dönə- dönə bildirir. Hətta yaxınlarda bu keçidin baş tutacağını da bildirir. Klub rəhbərliyi təmsil edən Əmrah Çəlikəl isə bu haqda sual verəndə onun səsindən təəccüb duymaq o qədər də çətin deyildi. Digər tərəfdən hazırki baş məşqçi də mütəxəssisin özünü reklam etdiyini və onun komandaya gəlmək ehtimalının olmadığını bildirib. Dünən redaksiyamıza telefon açan "Qarabağ"ın mətbuat katibi Asif Əsgərov da bunu qətiyyətlə təkzib etdi.....

Paylaş

// pop up