“Qarabağ”dan lənkəranlılara növbəti zərbə (ÇEMPİON, 21.11.2005)

single-news
21 Noy 2005

“Qarabağ”dan lənkəranlılara növbəti zərbə (ÇEMPİON, 21.11.2005)



Bu cütlüyün Lənkəranda keçirilən ilk oyununda tərəflər meydançadan qolsuz bərabərliklə ayrıldıqları üçün Bakıdakı oyunda həm meydan sahiblərinin, həm də qonaqların növbəti mərhələyə yüksəlmək şansları vardı. Lakin “Qarabağ”ın həm təcrübəsi, həm də daha samballı heyətə malik olması cənubluların mərhələ adlama şansını bir qədər azaldırdı. Bununla belə, ilk dəqiqələrdən lənkəranlılar rəqiblə başa-baş mübarizə aparmağa başladılar. Amma bu mübarizə kortəbii aparılırdı və getdikcə oyundakı üstünlük tam olaraq meydan sahiblərinin əlinə keçdi. Elxan Abdullayevin yetirmələri görüşdəki ilk təhlükəli qol epizodunu 12-ci dəqiqədə yaratdılar. Lakin Blajenko Bekovaçın cərimə xətti üzərindən zərbəsi qapıdan aralı keçdi. 23-cü dəqiqədə isə “Qarabağ” hesabı açdı. Samir Musayevin təxminən 25 metrdən qüvvətli zərbəsi qapı dirəyinə tuş gəlsə də, yaxınlıqda olan Denis Sokolovski təkrar zərbə ilə onu boş qapıya göndərdi - 1:0. Bundan sonra oyun sakit tərzdə davam etməyə başladı. Təsadüfi deyil ki, növbəti qol epizodu yalnız hissənin sonuncu dəqiqəsində yaradıldı. Bu zaman lənkəranlıların qolkiperi topu oyuna daxil edərkən səhv etdi və ona yiyələnən Kravçenkonun birbaşa çərçivəni nişan almasına şərait yaratdı. Lənkəranlıları qoldan müdafiəçi Baxtiyar xilas edərək topu boş qapıdan çıxartdı. İkinci hissədə üstünlüyü artıran “Qarabağ” 52-ci dəqiqədə qonaqları ikinci dəfə oyuna mərkəzdən başlamağa məcbur etdi. Hücumu başlayan Samir Musayev topu Kravçenkoya verib irəli şığıdı. Ukraynalı isə bir neçə saniyə keçməmiş gözəl ötürmə ilə Samiri cərimə meydançasında tapdı. Qapıçı ilə təkbətək qalan forvard uzaq küncü dəqiq nişan aldı. Bu qoldan sonra meydan sahiblərinin arxayınlaşması qonaqların fəallaşması ilə nəticələndi. Nəticədə 63-cü dəqiqədə lənkəranlılar hesab arasındakı fərqi azaltdılar. Sağ cinahda bir müdafiəçidən sıyrılaraq qapını nişan alan Teymur Dadaşovun zərbəsini Cahangir dəf etsə də, özünü hamıdan tez topa yetirən Bəhruz Cəlalov komandasını ümidləndirən qolu vurdu. Çünki “Xəzər-Lənkəran-2” daha bir qol vuracağı halda məhsuldar nəticəyə imza atacaq və növbəti mərhələyə vəsiqə qazanacaqdı. Amma belə olmadı. Qalan dəqiqələrdə “Qarabağ”ın müdafiə xətti qonaqların hücumçularına bir dəfə də olsun cərimə meydançasına yaxınlaşmağa imkan vermədi. Əvəzində meydan sahibləri ən azı iki dəfə hesabı artırmaq imkanını əldən verdilər. Əvvəlcə Sokolovski yaxın məsafədən çərçivəni dəqiq nişan ala bilmədi. Bir neçə dəqiqə sonra isə Samirin uzun reyddən sonra qapı qarşısına ötürməsini Ruslan Musayev lazımınca dəyərləndirə bilmədi. “Qarabağ” bu mövsüm “Xəzər-Lənkəran”ı güclülər dəstəsində məğlub etdiyi kimi, klubun ikinci komandasını da kubok yarışından kənarda qoydu. Elxan Abdullayev (”Qarabağ”ın baş məşqçisi): “Oyun bizim üstünlüyümüzlə keçdi. Hesab daha da böyük ola bilərdi. Amma bizə tur keçmək lazım idi, onu da etdik. Rəqibimiz yaxsi komandadır, onlara ugurlar arzulayıram”. Qəhrəman Əliyev (”Xəzər-Lənkəran”ın) baş məşqçisi: ”Qarabag”ı qələbə münasibətilə təbrik edirəm. Onlar bizdən səviyyəcə üstün futbol oynadılar və nəticədə də qalib gəldilər”.

Paylaş

// pop up