“Qarabağ”dan məhsuldar heç-heçə

single-news
1 Dek 2023

“Qarabağ”dan məhsuldar heç-heçə



“Molde” (Norveç) – “Qarabağ” – 2:2

Kristian Eriksen, 82, 87 // Olavio Juninyo, 11, Bəhlul Mustafazadə, 90+4

 

“Qarabağ” növbəti avrokubok oyununu keçirib. Komandamız UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda “Molde” ilə görüşüb.

 

Qurban Qurbanovun yetirmələri Norveç təmsilçisi ilə səfərdə üz-üzə gəlib. Ötən turun “Bayer”lə görüş ilə müqayisədə start heyətində bir dəyişiklik olub. Julio Romaonun əvəzinə Patrik Andrade “11-lik”də yer alıb.

 

Görüş qarşılıqlı hücumlarla başlayıb. Komandamızın sürətli həmlələrindən biri qolla nəticələnib. Sol cinahdan müdafiəçilərdən sıyrılaraq irəliləyən Olavio Juninyo yaxın məsafədən qarşısıalınmaz zərbə vurub – 1:0. Erkən qoldan sonra meydan sahibləri fəallığı artıraraq təşəbbüsü ələ alıb. Lakin etibarlı oynayan müdafiə xəttimiz norveçlilərin önünü inamla kəsib. Bir neçə epizodda isə Andrey Lunyov qola imkan verməyib. “Qarabağ”ın sürətli əks-hücumları da yaddaqalan olub. Marko Veşoviçin cinah ötürmələri təhlükəli alınsa da, top futbolçularımıza çatmayıb. Hissənin sonlarında da komandamız bir neçə yaddaqalan hücum təşkil etsə də, hesab dəyişməyib.

 

Fasilədən sonra da oyunun ssenarisi dəyişməyib. Məğlubiyyətdən qaçmağa çalışan “Molde” daha çox hücum qurub. Lakin müdafiə xəttində etibarlı oynayan futbolçularımız rəqibə real qol vəziyyəti yaratmağa imkan verməyib. Komandamızın hücumları isə əsasən cinahlardan cərimə meydanına ötürmələrlə yekunlaşıb. Lakin bu ötürmələrdən heç birini dəqiq tamamlayan olmayıb.

 

Qarşılaşmanın sonu məhsuldar alınıb. Öncə rəqib qısa müddətdə iki qol vuraraq hesabda önə keçib. Bundan sonra hücumlarının sayını artıran komandamız üstünlüyü ələ alıb. Bu, Bəhlul Mustafazadənin bərabərlik qolu ilə nəticələnib – 2:2.

 

Beləliklə, “Qarabağ” məhsuldar heç-heçədən sonra ikinci pillədəki yerini qoruyub və avokubokların pley-off mərhələsinə vəsiqəni təmin edib.

Paylaş