“Qarabağ”dan məhsuldar heç-heçə

single-news
8 Mar 2024

“Qarabağ”dan məhsuldar heç-heçə



“Qarabağ” – “Bayer” – 2:2

Yassin Benzia, 26, Olavio Juninyo, 45+2 //  Florian Virts, 70, Patrik Şik, 90+2

 

“Qarabağ” növbəti avrokubok oyununu keçirib. Komandamız Avropa Liqasının 1/8 final mərhələsinin ilk matçına çıxıb.

 

Qurban Qurbanovun yetirmələri Almaniya təmsilçisi “Bayer”lə qarşılaşıb. Bundesliqanın lideri ilə görüş Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.

 

Komandamız artıq ilk dəqiqələrdə fəallıq göstərib. Olavio Juninyonun qapıya paralel ötürməsi təhlükəli alınsa da, topa toxunan olmayıb. Ardından Leandro Andrade uzaqdan qapını yoxlayıb.

 

Qarşılılıqlı hücumlarla davam edən ilk yarıda qonaqlar ərazi üstünlüyünə yiyələnsə də, “Qarabağ”ın müdafiə xətti inamlı oynayıb. Komandamızın sürətli hücumları isə daha təhlükəli alınıb. Olavio Juninyonun sürətli reydindən sonra qapıya endirdiyi topu rəqib qapıçı küncə çıxarıb. Marko Yankoviçin uzaq zərbəsi isə dirəkdən dönüb.

 

Olavio Juninyonun rəqibdən topu oğurlayıb irəli şığıması isə qolla nəticələnib. Onun ötürməsini Yassin Benzia dəqiq zərbə ilə tamamlayıb.

 

Cari mövsüm uduzmayan “Bayer” buraxılan qoldan sonra oyunda dönüş yaratmağa çalışsa da, “Qarabağ” ardıcıl təhlükəli vəziyyətlər yaradıb. Leandro Andrade, Marko Yankoviç və Yassin Benzia əlverişli imkanlar qazanıb. Fasilə ərəfəsində isə Patrik Andradedən ötürmə alan Olavio Juninyo qapıya qədər irəliləyərək üz-üzə qaldığı qolkiperi də keçməklə ikinci qolu vurub – 2:0.

 

Fasilədən sonra Almaniya klubu təşəbbüsü ələ alıb. Daha çox hücum edən Bundesliqa təmsilçisinin önünü müdafiə xəttimiz inamla kəsib. Hissənin əvvəlində əks-hücum zamanı Olavio Juninyo fərqi artırmaq imkanından yararlana bilməyib.

 

Rəqib 70-ci dəqiqədə fərqi minimuma endirib. “Bayer”in çoxsaylı zərbələrini dəf edən Andrey Lunyov Florian Virtsin fərqlənməsinə mane ola bilməyib. Matçın sonlarına yaxın Olavio Juninyo sürətli əks-hücumda qapıçı ilə təkbətək qalsa da, imkanı qaçırıb. Həmin epizodda əzələsini dartan braziliyalı oyunu davam etdirə bilməyib. Qonaqlar isə uzatma dəqiqələrində bərabərlik qoluna imza atmağı bacarıblar – 2:2.

 

Qeyd edək ki, “Qarabağ”la “Bayer” arasında cavab oyunu martın 14-də Leverkuzendə keçiriləcək.

 

Paylaş