“Qarabağ”dan Qarabağa gedən yol (futbol+, 31.07.2006)

single-news
31 İyl 2006

“Qarabağ”dan Qarabağa gedən yol (futbol+, 31.07.2006)



1998-ci ildə İstanbulda futbol teatrında bir novella səhnəyə qoyulmuşdu. Teatrın iştirakçıları yerli “Beşiktaş” və Norveçin “Volerenqa” klubları idi. Qısaca onu qeyd edim ki, ilk oyunda minimal hesabla məğlub olmuş “qartallar” “doğma divarlar” arasında ilk yarıda 3 cavabsız topa imza atmışdı. Fasilədə artıq hamı “siyah-bəyazlılar”ın turu keçdiyinə əmin idi. Buna görə də çoxları səhər işə və məktəbə getməli olduğundan fasilədə evə yollandı. “Volerenqa” isə ikinci hissədə sonradan “Beşiktaş”da çıxış edəcək Karyunun qollarıyla hesabı bərabərləşdirəndə bütün Türkiyə şoka düşmüşdü. Oyundan sonra azarkeşlər evə gedə bilmirdi. Bir azarkeşin “Beşiktaş”ın kapitanına dediyi “kapitan, övladıma dedim ki, get rahat yat. Artıq qələbə qazanmışıq. İndi mən oğluma nə deyəcəm?” hayqırtısına Şifo Mehmet üzr istəməkdən başqa əlac tapmamışdı. Bütün bunlar “Qarabağ”ın UEFA kubokundakı oyunundan sonra yadıma düşmüşdü. Amma kaş heç düşməyəydi. Matç başlayandan stadionu ingilislər demiş “Full” görəndə qəlbimdəki duyğu tellərini qovuşduğunu hiss etdim. Bəlkə də məni duyğulandıran hər birimizin qəlbində acı bir nisgil olan “Qarabağ”ın ən azı futbol meydanında belə qələbə sevincini dadma arzusu idi. Avrokubok qarşılaşmalarında ilk dəfə stadionun tam dolması “Qarabağ”ın səfərdə əlverişli nəticə əldə etməsiylə yanaşı, insanların “Qarabağ”ın qələbəsiylə hər birimizin varlığında Qarabağda qalib gəlmək ruhunu aşılayacaq. Bəli, Qarabağa gedən yol “Qarabağ”ın tur keçməsiylə açıla bilərdi. Bunun üçün 25 nəfərlik “Zimbru” heyətindən başqa, bütün stadion qələbə üçün bütünləşmişdi. Lakin bir parça azərbaycanlı damla-damla mahallara bölünüb “azəraycanlı” ola bilmədiyimiz kimi cümə axşamı “Şəfa”da bildiyimiz sadəcə moldovanların qoluna kimi davam etdi. Yox, bu futbolu, vətənini sevən azarkeşlər yenə də sona kimi “Qarabağ”ı dəstəklədilər. Dəstəkləyə bilməyənlər isə “Qarabağ”a yardımı meydana şüşə atmaqda gördü. Lakin görəsən, heç düşündükmü, atdığımız şüşələr düşmənin sevincinə çevrilərək ümumi dərdimiz olan Qarabağın üzərinə yağdı. Mən hələ də başa düşə bilmirəm ki, laynsman bizim lehimizə qərar verdikdən sonra niyə onu şüşə yağışına tuturuq? Görünür, yenə də dostumuzu, düşmənimizi seçə bilmirik. Seçə bilsəydik... “Qarabağ” turu keçə bilmədisə, bunu sadəcə, təcrübəsizliyin ayağına yazmaq lazımdı. Düzdü, düşmən ölkənin iki futbolçusunun çıxış etdiyi “Zimbru”nu keçə bilməməyimiz mənə yer etsə də, “Qarabağ” eyniadlı yaramıza kiçik məlhəm vurdu. Ən azı “Qarabağ” səfərdən xal gətirdi. Ən azı “Qarabağ” bizlərə iki 90 dəqiqəyə sığmayan futbol yaşatdı. Və ən əsası “Qarabağ” Azərbaycan xalqını tribunalara yığa bildi. “Qarabağ” məğlub olsa da, təmsilçimizin çıxışından utanmadıq. Tam səmimiyyətlə “uduzduq, amma əzilmədik” prinsipini “Qarabağ”a şamil etmək olar. Amma nə yazıq ki, “Qarabağ” klubu meydanda Qarabağı özündən bilənlərdən ayrı düşdü. Necə ki, bizim olduğuna inandığımız, lakin həsrət qaldığımız “Qarabağ”ın ermənilərin ixtiyarında olduğuyla barışdığımız kimi... Artıq futbolçular meydanı tərk edəndə tribunalar çoxdan boşalmışdı. Qarşımda 120 dəqiqə ələk-vələk olmuş boş stadionu görəndə Qarabağı xatırladım. Qarabağ da tək qalmışdı. Azərbaycan sərhədləri daxilində. Qarabağı ermənilər bizdən aralayıbsa, dünən stadionda atdığımız şüşələrlə özləri “Qarabağ”ı bizdən ayırmağa məcbur etdik. Matç sonunda “Qarabağ” futbolçuları meydanda tək qalmışdı. Biz tək buraxmışdıq. Bu acizliyimizi görəndə yenə duyğulandıq. Amma matçöncəsi xalqımızın birliyindən yaranan sevinc duyğuları yalqızlığımızdan yaranan kədər duyğularıyla əvəz olunub. Bu heç də “Beşiktaş” azarkeşini komandasının məğlubiyyətiylə yaranan göz yaşları kimi deyil. Bu “Qarabağ”ın Qarabağa gedən yolu aça bilməməsinin göz yaşları idi.

Paylaş