“Qarabağ”dan səfər qələbəsi

single-news
8 Mar 2025

“Qarabağ”dan səfər qələbəsi



“Araz-Naxçıvan” - “Qarabağ” – 1:3

Felipe Santos, 35 – Nəriman Axundzadə, 44; Leandro Andrade, 77; Emmanuel Addai, 90+6

 

“Qarabağ” növbəti oyununu keçirib. Komandamız Misli Premyer Liqasının XXVI tur matçında “Araz-Naxçıvan”ın qonağı olub.

 

Baş məşqçimiz Qurban Qurbanov bu görüşdə aşağıdakı start heyətinə şans verib: 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 9. Kadi Borqes, 2. Mateus Silva, 15. Leandro Andrade.

 

“Liv Bona Dea Arena”da təşkil olunan oyuna sürətli başlayan komandamız artıq 1-ci dəqiqədə Kadi Borqesin ifasında hesabı açmağa yaxın olub. Hissənin gedişində iki dəfə Nəriman Axundzadə, həmçinin Abdullah Zubir, Leandro Andrade və Yassin Benzia da fərqlənmək imkanını əldən veriblər. Bu epizodlarda rəqibin qapıçısı qola mane olub. Əvəzində 35-ci dəqiqədə meydan sahibləri hesabı açıblar. Lakin fasilə ərəfəsində komandamız bərabərlik qolunu vurmağa müvəffəq olub. Nəriman Axundzadə adını tabloya yazdırıb.

 

İkinci hissə də futbolçularımızın üstünlüyü şəraitində keçib. Komandamız topa daha çox nəzarət edib. Ardıcıl həmlələr 77-ci dəqiqədə öz bəhrəsini verib. İlk qolun müəllifi olan Nəriman Axundzadə bu dəfə məhsuldar ötürmə ilə yadda qalıb. Onun ötürməsini dəqiq tamamlayan Leandro Andrade ölkə çempionatında qollarının sayını 11-ə çatdırıb və bombardirlər yarışında liderliyini bir qədər də möhkəmlədib. Qarşılaşmada son nöqtəni Emmanuel Addai qoyub və komandamız 3:1 hesablı səfər qələbəsi qazanıb.

 

Çempionata liderlik edən komandamız bu qalibiyyət sayəsində xallarının sayını 63-ə çatdırıb.

 

Qeyd edək ki, “Qarabağ” ölkə çempionatında növbəti oyununu martın 15-də səfərdə “Kəpəz”ə qarşı keçirəcək.

Paylaş

// pop up