"QARABAĞ"I CƏNUBDA NÖVBƏTİ SƏFƏR SINAĞI GÖZLƏYİR (ÜÇ NÖQTƏ, 14.05.2005)
14 May 2005
"QARABAĞ"I CƏNUBDA NÖVBƏTİ SƏFƏR SINAĞI GÖZLƏYİR (ÜÇ NÖQTƏ, 14.05.2005)
Sabah futbol üzrə Azərbaycanın 13-cü milli çempionatında 32-ci turun oyunları keçiriləcək. Məlum olduğu kimi, sona 3 tur qalmış liderlər qrupunda görünməmiş sıxlaşma yaranıb.
Birinci yerdə gedən "Qarabağ" komandası 5-ci yerdə gedən "Turan"dan cəmi 3 xal irəlidədir. Ona görə də, son turların nəticəsindən asılı olaraq liderlər qrupunda yerdəyişmələr mümkündür. Hansı komandanın çempion olacağı da prinsipial görüşlərdən sonra aşkarlanacaq.
32-ci turun mərkəzi qarşılaşmasında Lənkəranda yerli "Xəzər-Lənkəran" lider "Qarabağ"ı qəbul edəcək. Qonaq komanda liderliyini qorumaq üçün bu görüşdə qələbə üçün meydana çıxacaq. Meydan sahibləri isə Bakıdakı məğlubiyyətin əvəzini "Qarabağ"dan çıxmağa cəhd edəcək. Heç-heçə isə daha çox liderlər qrupunda yer alan digər komandalara sərf edəcək.
İddialı komandalardan "Neftçi"ni isə Gəncədə eyniadlı komanda ilə heç də asan olmayan səfər mücadiləsi gözləyir. Öz meydanında yaxşı oyun nümayiş etdirən "Gəncə" klubunun flaqman üçün başağrısı olacağı istisna deyil. "Turan"ın bu turda öz meydanında "Ədliyyə"ni asanlıqla məğlub edəcəyi ehtimal olunur.
Medallar uğrunda mübarizə aparan Yevlax "Karvan"ını da çətin oyun gözləyir. Yunis Hüseynovun yetirmələri liderlərin qəniminə çevrilən İmişli MKT "Araz"ını qəbul edəcək. Meydan sahibləri uğursuzluğa düçar olarsa, medallar şansını praktiki olaraq itirəcək. Mübarizədən kənarda qalan paytaxtın "Bakı" və "İnter" klubları arasındakı görüşünün də prinsipial keçəcəyi ehtimal olunur. Keçiriləcək oyunlarda göstərilən komandalar qarşılaşacaq: "Gənclərbirliyi"-"Bakılı", "Şəmkir"-MOİK, "Gəncə"-"Neftçi", "Bakı"-"İnter", "Turan"-"Ədliyyə", "Karvan"-MKT "Araz", "Xəzər-Lənkəran"-"Qarabağ", "Şahdağ-Samur"-"Göyəzən".
Bütün oyunlar saat 18-də başlayacaq. Qeyd edək ki, bu tura qədər "Qarabağ" 70 xalla turnir cədvəlinin lideridir. 69 xala malik "Neftçi" və "Xəzər-Lənkəran" müvafiq surətdə sonrakı yerləri tuturlar. Hərəyə 67 xalı olan "Karvan" və "Turan" isə ilk beşliyi qapayır.