"Qarabağ"ımız Ağdamda

"Qarabağ"ımız Ağdamda
Bu gün "Qarabağ"ımızın başqanı Tahir Gözəl, klubun direktoru Emrah Çelikel, baş menecerimiz Asif Əsgərov, klubumuzun ağdamlı əməkdaşları, sabiq futbolçular, məşqçi və futbolçu heyəti işğaldan azad olunmuş Ağdam şəhərinə yollanıb. Komandamız ilk olaraq Ağdam şəhərinin mərkəzində yerləşən Cümə məscidini ziyarət edib. Başqanımız Tahir Gözəl və futbolçularımız öz dualarını edib. Daha sonra komandamız Ağdam Dövlət Teatrını ziyarət edib.
Şəhidlər Xiyabanına yollanan komandamız milli qəhrəman, sabiq kapitan və baş məşqçimiz Allahverdi Bağırovun məzarını ziyarət edib, ruhuna dualar oxunub.
Komandamızın növbəti ünvanı evimiz olan İmarət stadionu olub. Prezidentin köməkçisi Hikmət Hacıyevi stadionumuzda başqanımız Tahir Gözəl qarşılayıb, futbolçularımız, veteran və rəhbərlik heyəti futbol oynayıb. Sonda isə son çempionluq kubokumuz meydana gətirilib və xatirə şəkili çəkilib.