`Qarabağ`ımız dünyanın 248-ci klubudur

`Qarabağ`ımız dünyanın 248-ci klubudur
2010-cu ilin ən yaxşı futbol klublarının adı məlum olub. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) planetin 350 ən güclü klubunun adlarını açıqlayıb. Sevindirci haldır ki, son iki ildə daim siyahıda yer alan `Qarabağ`ımız ili yüksəlişlə başa vurub.
Hesabında 300 xal olan İtaliyanın `İnter` klubu cədvəlin I pilləsində qərarlaşıb. Almaniyanın `Bavariya` komandası 268, İspaniya təmsilçisi `Barselona` isə 266 xalla ilk `3-lük`də qərarlaşıblar.
İFFHS-in siyahısında yeganə Azərbaycan təmsilçisi Ağdamın `Qarabağ` klubudur. Ötən il ərzində 80 xal toplayan Qurban Qurbanovun yetirmələri planetin 248-ci komandasıdır. Ötən ayla müqayisədə 22 pillə irəliləyən `Qarabağ` indiki mövqeyini `Qoyaniense` (Braziliya) və `MüPA-47` (Finlandiya) ilə bölüşür.
Qeyd edək ki, ağdamlıların arxada qoyduğu komandalar siyahısında `Feyenord` (Hollandiya), `Mayns` (Almaniya), `Espanyol`, `Atletik`, `Osasuna` (hamısı İspaniya), `Parma` (İtaliya), `Bolton`, `Blekbern` (hər ikisi İngiltərə), `Ayntraxt`, `Hoffenhaym` (hər ikisi Almaniya), `River Pleyt` (Argentina) kimi klublar da var.