“Qarabağ”ın 11 futbolçusu milli komandalarda

single-news
15 Mar 2024

“Qarabağ”ın 11 futbolçusu milli komandalarda



“Qarabağ”ın 11 futbolçusu milli komandaların martda keçiriləcək oyunlarına dəvət alıb. Komandamızın üzvləri 6 müxtəlif yığmaya çağırılıblar.

 

Beş oyunçumuz Azərbaycan millisinin “FIFA series – Edition 2024” layihəsində keçiriləcək qarşılaşmalar üçün heyətində yer alıb. Yığmaya Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Toral Bayramov, Bəhlul Mustafazadə və Aleksey İsayev dəvət alıblar. Azərbaycan millisi Tofiq Bəhramov adına Respublika stadionunda martın 22-də, saat 20:00-da Monqolustan, martın 25-də, saat 20:00-da isə Bolqarıstan yığması ilə qarşılaşacaq. Komanda martın 18-dən 25-dək təlim-məşq toplanışı keçirəcək.

 

Marko Yankoviç və Marko Veşoviç Monteneqro yığmasının düşərgəsinə yollanacaq. Onların heyətində olduğu milli martın 21-də Belarus, dörd gün sonra Şimali Makedoniya ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

 

Yassin Benzia Əlcəzair millisinə çağırılıb. Afrika təmsilçisi martın 23-də Boliviya, 27-də CAR-la yoldaşlıq matçına çıxacaq.

 

Patriik Andrade Kabo-Verde millisinin heyətinə dəvət alıb. Yarımmüdafiəçimizin yer aldığı komanda martın 21-də Qayana, dörd gün sonra Ekvatorial Qvineya ilə matçda qüvvəsini sınayacaq.

 

Qapıçı Andrey Lunyovun çağırıldığı Rusiya millisi də iki yoldaşlıq oyununa çıxacaq. Şimalılar martın 21-də Serbiya, 25-də Paraqvayla qarşılaşacaq.

 

Digər qapıçımız Luka Quqeşaşvilinin yer aldığı Gürcüstan millisi AVRO-2024-ün pley-off matçına çıxacaq. Qonşu ölkə təmsilçisi martın 21-də Lüksemburqla görüşə, qalib gəlsə isə final mərhələsinə vəsiqə üçün həlledici matça çıxacaq.

Paylaş