“Qarabağ”ın 15 aylıq “ənənə”sinə necə son qoyuldu? (qol.az)
9 Noy 2009
“Qarabağ”ın 15 aylıq “ənənə”sinə necə son qoyuldu? (qol.az)
“Qarabağ” Unibank Premyer Liqanın son turunda “İnter”ə uduzaraq, həm üçüncü pilləyə yuvarlandı, həm də 15 aydır davam edən “ənənə”nin pozulmasına səbəb oldu. Qol.Az-ın klubun rəsmi internet saytrına istinadən verdiyi məlumata görə, “Qarabağ” son 15 ay ərzində heç vaxt ölkə daxili yarışlarda qol vurduğu oyunda meydanı xalsız tərk etməmişdi. Lakin “İnter”lə matçda qeydə alınan 1:2-lik yenilgi bu ənənənin başa çatmasına səbəb oldu.
Ağdam təmsilçisi sonuncu dəfə ötən mövsüm avqustun 23-də, 3-cü turda “Standard”la səfər qarşılaşmasında qol vurub, meydanı xalsız tərk etmişdi. Maraqlıdır ki, həmin qarşılaşma da “Şəfa”da keçirilib, həmin oyunda da “Qarabağ” 2:0 geriyə düşüb və təsəlliverici qola 87-ci dəqiqədə imza atıb. Hətta həmin vaxt Nidal Ferhatoviç kimi Rəşad Sadiqov da eyni qapını dəqiq nişan almışdı.
“Qarabağ” əvvəllər də bu ənənəyə sadiq olub. 2008/09 mövsümündə “Standard”la oyunda qırılan ənənəyə 2007/2008-də tam əməl olunub. Ona qədər isə növbəti 15 ay gözləmək lazım gəlib. Çünki sonuncu dəfə 2006/2007 mövsümün 2-ci dövrəsində, mayın 7-də Suraxanı qəsəbə stadionunda baş tutan “Xəzər-Lənkəran”la matçda “Qarabağ” qol vursa da, meydanı xalsız tərk etmişdi. Həmin oyunda Kənan Kərimov hesabı açsa da, sonda 4:1 “Xəzər Lənkəran” qalib gəlmişdi.