"QARABAĞ"ın 4 QOLU (AYNA, 02.03.2006)

single-news
2 Mar 2006

"QARABAĞ"ın 4 QOLU (AYNA, 02.03.2006)



Ağdam klubu kubok oyununa hazırlaşır Yığmamız qüvvəsini yoldaşlıq görüşündə sınadığından ölkə çempionatında müvəqqəti fasilə yaranıb. Ağdamın "Qarabağ" klubu isə bundan maksimum faydalanır. Çünki şənbə günü "Qarabağ"ı çox ciddi sınaq gözləyir. Həmin gün ağdamlılar ölkə kubokunun 1/4 final mərhələsinin ilk görüşündə öz meydanında yarışın hazırkı qalibi "Bakı" ilə qarşılaşacaqlar. Dövrələrarası fasilədə heyətini gücləndirməsinə baxmayaraq, "Qarabağ"ın ilk dövrədə xeyli xal itirməsi komandanın çempionluq uğrunda yarışmasına maneçilik törədir. Buna görə də Ağdam klubu yalnız ölkə kubokunu qazanmaqla həm mövsümü major notda bitirmək istəyir, həm də qitə kuboklarına vəsiqə qazanmaq niyyətindədir. Bu səbəbdəndir ki, "Qarabağ" fevralın 24-dən etibarən təlim-məşq toplanışına yığışıb. Bir neçə gün davam edən hazırlıq prosesi artıq başa çatıb. Gündə iki dəfə məşq keçən Böyükağa Ağayevin yetirmələri təlim-məşq toplanışının son günündə "Ədliyyə" ilə yoldaşlıq görüşü keçirib. Əsas heyətin səkkiz üzvü yığma komandalara cəlb olunması səbəbindən baş məşqçi Böyükağa Ağayev əsasən ölkə çempionatının oyunlarında ehtiyat oyunçular skamyasında qalan futbolçulara şans verib. "Qarabağ" qarşılaşmada Cahangir Həsənzadə (Vitali Kovalyov 46), Zoran Çilinşek, Bojan İliç, Vasif Haqverdiyev, Mübariz Orucov (Fərid Haqverdiyev 46), Mehran Əliyev, Elmir Xankişiyev, Fərid Quliyev, Ramiz Hüseynov, Egidius Yuşka və Samir Musayevin xidmətindən istifadə edib. Matça fəal başlayan ağdamlılar tezliklə istəklərinə çatıblar. Mübariz Orucovun küncdən ötürdüyü topu Ramiz Hüseynov tora göndərib. Bundan sonra "Qarabağ" hesab arasındakı fərqi artırmaq üçün dəfələrlə şans yaxalasa da, fasiləyədək hesab dəyişməyib. İkinci hissəyə də Böyükağa Ağayevin yetirmələri fəal başlayıblar və tezliklə hesab arasındakı fərq artıb. Bu dəfə estoniyalı hücumçu Egidius Yuşka qola imza atıb. Bir neçə dəqiqədən sonra fərqlənmək növbəsi Samir Musayevə çatıb. Təcrübəli hücumçu cərimə meydançasında iki oyunçunu bir hərəkətlə zərərsizləşdirərək üçüncü topu "Ədliyyə"nin qapısından keçirib. Matçın sonlarında isə Estoniya çempionatının bombardirlərindən biri olmuş Yuşka özünün ikinci, komandasının isə dördüncü qolunu vuraraq matçın hesabını müəyyənləşdirib - 4:0. Oyundan sonra "Qarabağ"ın baş məşqçisi Böyükağa Ağayev yetirmələrinin oyunundan razı qaldığını bildirib.

Paylaş

// pop up