“Qarabağ”ın azarkeşləri millətçi şüarlar səsləndirdilər (champion, 23.05.2005)

single-news
23 May 2005

“Qarabağ”ın azarkeşləri millətçi şüarlar səsləndirdilər (champion, 23.05.2005)



Bu mübarizə tədbiri artıq neçə illərdir aparılsa da, hələ ki bir nəticə hasil olmur. Bütün dünyada azarkeşlər oyun zamanı futbolçulara qarşı irqçi və millətçi şüarlar səsləndirirlər. Beynəlxalq futbol qurumları buna görə klubları külli miqdarda maddi cəriməyə məruz qoysalar da, azarkeşlər özlərinə yığışmırlar ki, yığışmırlar. Ölkəmiz artıq 13-cü müstəqil çempionatını keçirsə də, indiyə qədər stadionlarımızda belə hala rast gəlinməmişdi. Düzdür, dəfələrlə azarkeşlərin hakimə, futbolçulara qarşı təhqiramiz ifadələr işlətmələrinin, hətta meydançaya axışıb onları “kötəkləmələrinin” şahidi olmuşuq. Amma millətçi şüarlar heç vaxt işlənməmişdi. Təəssüf ki, bir çox sahədə olduğu kimi, burada da 13-cü milli çempionat “ilk”ə imza atdı. “Siftə” isə “Qarabağ”ın azarkeşlərindən gəldi. Özü də maraqlıdır ki, bütün dünyada azarkeşlər daha çox rəqib komandanın oyunçularını millətçi ifadələrə “qonaq etsələr” də, Ağdam klubunun azarkeşləri hədəf kimi öz komandalarında oynayan slavyan əsilli futbolçuları, hətta baş məşqçi İqor Ponomaryovu seçdilər. Qarşılıqlı ittihamlar Son turda Suraxanıda “Gəncə”ni qəbul edən “Qarabağ”ın azarkeş dəstəyinə böyük ehtiyacı olsa da, tərəfdarlar komandaya “sürpriz” hazırlamışdılar. Baş vermiş hadisənin dərinliyinə varmadan yalnız onu demək istəyirik ki, oyun başlanandan sonra komandaya əvvəlki matçlarda sadiqliyini göstərən və onu sonadək dəstəkləyən fan-klub üzvləri müxtəlif antirus şüarlarla çıxış etməyə başladılar. Daha çox klubun legionerləri Vladimir Boxaç, Andrey Kolinenko, komandanın kapitanı, milliyyətcə rus olsa da, Azərbaycanda doğulub, böyüyən Vadim Vasilyev və baş məşqçi İqor Ponomaryov təhqir olunurdu. Hətta klubun vitse-prezidenti Tahir Gözəlin işə qarışması və azarkeşlərdən buna son qoymalarını xahiş etməsi də işə yaramadı. Bəs görəsən, bütün bunların səbəbi nə idi? Bəziləri bunu “Qarabağ”ın “Xəzər-Lənkəran”a məğlub olması və çempionluq şanslarını itirməsi ilə əlaqələndirirlər. Onda nəyə görə məhz klubun slavyan əsilli üzvləri təhqir olunurlar? Matçdan sonra ağdamlıların baş məşqçisi buna kəskin etirazını bildirməklə yanaşı, bir nəfəri ittiham da etdi: “Bunu kimin təşkil etdiyini dəqiq bilirəm. O özü ağdamlıdır. Amma komandaya can yandırmır. Bütün bunları edənlər onun öyrətdiyi adamlardır”. Dünən Ponomaryovun özü ilə əlaqə saxladıq. Baş məşqçi bunu kimin etdiyini hamının bildiyini söyləsə də, konkret ad çəkmədi. Ponomaryovun açıqlamalarına fikir versək, onun ittiham etdiyi şəxsin klubun sabiq icraçı direktoru olduğu aydınlaşar. Nadirovla da əlaqə saxlayıb, bu barədə onun da fikirlərini öyrəndik: “Mən artıq 4 aydır ki, komandada yoxam. Məni ittiham edənləri başa düşmürəm. Baş məşqçi İqor Ponomaryov komandada belə işlərlə məşğuldur. O özünü təmizə çıxarır”. əmrah Çəlikəl: “Qarabağ” kimi komandaya belə hallar yaraşmır” Bütün bu ittihamlar öz yerində, amma görəsən, klub daxilində buna reaksiya necədir? əvvəlcə azrkeşlərə cavabdeh olan, “Qarabağ” fan-klubunun prezidenti Nurəddin Eresə müraciət etdik: “Bilirsiniz, mən bu haqda bir şey deyə bilmərəm. Mən yalnız təşkilati işlərə baxıram. Yəni azarkeşlərin stadiona gətirilməsi, onların yerləşdirilməsi və s. Bunu kimin təşkil edə biləcəyi ilə bağlı heç nə deyə bilmərəm. Siz klub rəhbərliyinə müraciət etsəniz, daha yaxşı olar”. Belə də etdik. Klubun icraçı direktoru əmrah Çəlikəllə əlaqə saxladıq. əmrah bəy stadionda baş verənlərə görə təəssüfləndiyini gizlətmədi: - Çox təəssüflənirəm ki, belə şey məhz bizim başımıza gəldi. “Qarabağ” kimi komandaya belə hallar yaraşmır. Azarkeşləri anlamıram. Onlar matça gəlib komandalarını dəstəkləmək əvəzinə təzahüratla məşğuldurlar. - Bəs fan-kluba qarşı hər hansı cəza tədbiri nəzərdə tutulubmu? - Yəqin ki, yox. Bir də ki, olsa da bu nəyi dəyişəcək? Hər şey artıq geridə qalıb. Doğrusu, rəhbərliyin olanları belə sakit qarşılaması təəccübümüzə səbəb oldu. Necə olur ki, klubun futbolçuları və məşqçisi müllətçi şüarlarla, özü də klubun öz azarkeşləri tərəfindən təhqir olunur, amma rəhbərlik buna qarşı heç bir iş görmək istəmir? AFFA da biganədir Heç olmasa federasiyadan buna düzgün qiymət veriləcəyini düşünürdük. ən azından kluba müəyyən miqdarda maddi cərimə veriləcəyini və komandanın bir neçə oyunu azarkeşsiz keçirmək cəzasının veriləcəyini zənn edirdik. Amma qurumun baş katibi Fuad əsədov ilk öncə bizə onu bazar günü narahat etdiyimiz üçün şikayətləndi, ardınca isə... Görünür, heç bir cəza və ya cərimə nəzərdə tutulmur. Baş katib Fuad əsədovun dedikləri: “Mən bunu görməmişəm. Bu haqda dəqiq bir şey deyə bilmərəm. Amma yarışların əsasnaməsində belə hallarla bağlı heç nə nəzərdə tutulmayıb. əsasən protokola görə hərəkət etmək lazımdır. Buna da komissiya qərar verəcək. Amma yəqin ki, heç bir cəza verilməz”. Artıq deməyə bir şey qalmır. əgər ölkədə futbola cavabdeh olan əsas qurum - AFFA-nın münasibəti budursa, onda bu məsələyə şərh verməyə belə dəyməz. Yalnız bunu yadda saxlamaq lazımdır ki, indiyə qədər futbolumuzda rast gəlinməyən hadisələrin baş verməsi bizə heç də başucalığı gətirmir. Bu sözlər təkcə Vadim Vasilyev, Vitali Kovalyov və İqor Ponomaryova aid edilmir. Azarkeşlər onların simasında ölkəmizdə yaşayan və Azərbaycan vətəndaşı olan rusları, başqa rus əsilli futbolçu və idmançıları, hətta ölkə futbolunun əfsanəsi Anatoli Banişevskini də təhqir edirlər. Və əgər klub rəhbərliyi və ən əsası AFFA buna biganədirsə, buna yalnız təəssüflənmək olar.

Paylaş