"QARABAĞ"IN BAŞ MƏŞQÇİSİ "NEFTÇİ", "İNTER", "BAKI" VƏ "XƏZƏR"Ə MEYDAN OXUDU (supersport.az, 24.042009)

single-news
24 Apr 2009

"QARABAĞ"IN BAŞ MƏŞQÇİSİ "NEFTÇİ", "İNTER", "BAKI" VƏ "XƏZƏR"Ə MEYDAN OXUDU (supersport.az, 24.042009)



QURBAN QURBANOV: "FLAQMAN MƏNƏ SEVİMLİ OLSA DA, REVANŞ ALMAĞINA İMKAN VERMƏYƏCƏYİK"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Neftçi" ilə oyun ərəfəsində Supersport.Az-a açıqlamasında iddialı danışıb. Gənc mütəxəssis, oyunun ağır keçəcəyini qeyd etsə də, rəqib komandanı məğlub etmək gücündə olduqlarını bildirib: "Bu, prinsipial oyunlardan biridir. "Neftçi" və "Qarabağ" arasında oyunlar həmişə gərgin və maraqlı olub. İnanıram ki, azarkeşlər bu dəfə də belə qarşılaşmanın şahidi olacaqlar. Son vaxtlar "Neftçi" iddialı komandaları çətin vəziyyətə salaraq onlardan xal qoparıb. Bizi qarşıda güclü rəqiblə ağır oyun gözləsə də, bundan qəti qorxmuruq. Komandamın uğur qazanacağına inamım böyükdür". Q.Qurbanov, keçmiş komandasının revanş almağına imkan verməyəcəklərini bəyan edib: "Bilirsiniz ki, ölkə kubokunda "Neftçi"ni mübarizədən kənarlaşdırmaqla Avropaya gedən yolunu bağladıq. İndi rəqib revanş haqda düşünür. "Neftçi"nin keçmiş futbolçusu və məşqçisi olsam da, bu komandanın revanş almağına imkan verməyəcəyik. Hər hansı güzəştdən söhbət belə gedə bilməz". Çempionatda uğur qazanmaq şanslarının tükənmədiyini vurğulayan "Qarabağ"ın baş məşqçisi, 3-cü yeri tutmaq arzusunda olduqlarını söyləyib: "Premyer liqanın başa çatmasına 4 tur qalıb və bu istəyimizə çatmaq çox çətin olacaq. Nəzərə alsaq ki, bizi "Neftçi"dən başqa, öz meydanımızda "İnter", "Xəzər-Lənkəran" kimi güclü rəqiblərlə oyunlar gözləyir. "Karvan"la isə Yevlaxda görüşəcəyik. Bütün bunlara baxmayaraq, hər oyuna qələbə əzmiylə çıxıb maksimum nəticə qazanmalıyıq. Yaxın rəqiblərimizin xal itirməsindən də çox şey asılıdır". Çalışdırıcı, ölkə kubokunun finalına çıxmaq şanslarını belə dəyərləndirib: "Bakı" da güclü komandadır. Bununla belə, öz oyunumuzu göstərməklə finala vəsiqə qazanmalıyıq. Hesab edirəm ki, şanslar 50-50-yədir. "Bakı" ilə ilk oyun aprelin 29-da Bakıda olacaq. Bu, bizim üçün çox yaxşıdır. Burada sərfəli nəticə qazanmağa çalışacağıq. Qeyd edim ki, PFL-in ev oyunlarımızı Ağdamda keçirməyimizə icazə qərarı bizi çox sevindirib, komandamızı daha da ruhlandırıb, futbolçulara əlavə güc verib. Doğma divarlar arasında azarkeşlərimizin də bizə böyük dəstək verəcəyini nəzərə alsaq, bu amillər komandamızın hər iki cəbhədə - istər kubok, istərsə də çempionatda uğur qazanmaq şansını artırıb. İnanıram ki, bütün rəqiblərimizi məğlub edəcəyik".

Qeyd edək ki, "Neftçi" - "Qarabağ" oyunu aprelin 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Paylaş

// pop up