"QARABAĞ"IN BAŞ MƏŞQÇİSİ TƏQDİM OLUNDU: BÖYÜKAĞA AĞAYEV

single-news
30 Dek 2005

"QARABAĞ"IN BAŞ MƏŞQÇİSİ TƏQDİM OLUNDU: BÖYÜKAĞA AĞAYEV



Bu gün "Qarabağ" Futbol Klubunun Prezidenti yaranmış intizara son qoydu. Bir neçə günlük intensiv iş öz bəhrəsini verdi. O, ən çətin işin öhdəsindən layiqincə gələrək müxtəlif namizədlər arasından ən ideal sayılacaq variantı seçdi. Yeni baş məşqçi elan olundu: Bu, Azərbaycan Futbolunda kifayət qədər nüfuza malik, Azərbaycanın Əməkdar məşqçisi Böyükağa Ağayevdir. "Qarabağ" Futbol Klubunun ofisində Klub Prezidenti Baş Məşqçiyə xeyir-dua verərək,onun bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə inamını bildirdi. Bundan sonra, Klub daxili iclas keçirildi. Yaşar Hüseynov birinci məşqçi, Səttar Əlyev isə məşqçi vəzifəsinə təstiqləndi. AĞAYEV BÖYÜKAĞA MƏMMƏD OĞLU 1948-ci ildə anadan olmuşdur. 1976-cı ildə Volqoqrad Dövlət İdman Universitetini bitirmişdir. 1985-87-ci illər ərzində Moskvada Yüksək Məşqçilik məktəbini bitirmişdir. 1988-89-cu illər ərzində SSRİ "A" səviyyəli II dəstə klubu olan Gəncənin "Kəpəz" komandasının məşqçisi olmuşdur. 1990-93-cü illər ərzində Bakının "Neftçi" klubunda məşqçi işləmişdir. 1994-cü ildə Azərbaycan Milli Yığma Komandasının məşqçisi təyin olunmuşdur. 1995-ci ildə "Kür-Nur" (Mingəçevir) komandasının Baş Məşqçisi işləmişdir. 1996-97-ci illər ərzində Milli Yığma Komanda ilə yanaşı, həm də "Neftçi" FK-nun məşqçisi işləmişdir. 1997-98-ci ildə "QARABAĞ" FK-nun Baş Məşqçisi işləmişdir. 1999-cu ildə "Turan" FK-nun Baş Məşqçisi,2000-ci ildə isə yenidən "Qarabağ"ın baş məşqçisi vəzifəsinə qayıtmışdır. 2001-2004-cü illər arasında "Xəzər Universiteti"nin Baş Məşqçisi işləmişdir. 2004-cü ildə "Şahdağ-Samur" FK-da məsləhətçi vəzifəsini daşımışdır. 2005-ci ildə 19 yaşlılar arasında Milli Yığma komandasının Baş Məşqçisi işləmişdir. "İntertoto" kubokunda "Qarabağ" FK və "Xəzər Universiteti" FK-nun mərhələ keçməsinin memarı məhz Böyükağa Ağayevdir. Bu gündən Böyükağa Ağayev "Qarabağ" Futbol Klubunun Baş Məşqçisidir. ________ Baş Məşqçi ilə geniş müsahibəyə digər yazıdan tanış ola biləcəksiniz.

Paylaş