“Qarabağ”ın bitməyən “siftə”ləri: Davamı gəlsin! (apasport.az)

single-news
2 İyl 2010

“Qarabağ”ın bitməyən “siftə”ləri: Davamı gəlsin! (apasport.az)



Ağdamın “Qarabağ” klubu avrokuboklarda “siftə”ləri davam etdirir. Apasport.az saytının hesablamalarına görə, Avroliqanın I təsnifat mərhələsində Makedoniyanın “Metallurq” klubu ilə Bakıdakı oyunda (4:1) hesabı açan Rəşad Sadıqov istisna olmaqla digər qol vuranlar ilkə imza atdılar.

Əfran İsmayılov, Emin İmaməliyev və gürcü Georgi Adamiya “Qarabağ”ın heyətində avrokuboklarda qol hesabını açdılar. Gənc Əfran ötən yay komandası Avroliqada uğurla çıxış etdiyi vaxtdan qitə miqyaslı turnirdə iştirak edirsə, Eminlə Georginin təcrübəsi böyükdür. Ancaq İmaməliyev indiyə kimi “Şəfa”, “Qarabağ”, “Bakı”, “İnter”in heyətində avrokuboklarda oynasa da, qol hesabını aça bilməmişdi. Nəhayət, “şeytanın qıçını qıran” 30 yaşlı yarımmüdafiəçi oyuna sonradan daxil olaraq, öz sözünü dedi. Emin son dəqiqələrdə həm özünün, həm də etdiyi məhsuldar ötürmə ilə Georginin qol vurmasına imkan yaratdı. 2005-ci ilin qışından ölkəmizdə oynayan Adamiya isə bunadək klublarımızda avrokuboklarda cəmi 1 qol vurmuşdu. Bu da iki il öncə “Neftçi”nin heyətində İntertoto kubokunun II mərhələsində Belçikanın “Jerminal” klubu ilə səfər oyununda (1:1) vurulan qol idi. Ötən yay “Bakı”nın heyətində Çempionlar Liqasında iştirak edən 29 yaşlı hücumçu rəqib qapısına yol tapa bilmədi. Əslində Rəşad da ilkə imza atdı. Hər halda, 28 yaşlı müdafiəçi avrokuboklarda 5-ci qolunu vuraraq, bombardirimiz oldu.

Qeyd edək ki, bu, “Qarabağ”ın 1996-cı ildən çıxış etdiyi Avropa miqyasında ilk böyük hesablı qələbəsi oldu. Ağdam klubu qitə miqyaslı turnirdə səfərdə ilk xal, qələbə qazanan, ilk mərhələ adlayan və UEFA kubokunun xələfi olan Avroliqada birinci olaraq iki mərhələ keçəndir.

Mehman SÜLEYMANOV

Paylaş

// pop up