`Qarabağ`ın daha bir möhtəşəm tədbiri

single-news
27 Mar 2010

`Qarabağ`ın daha bir möhtəşəm tədbiri



Azərbaycan futbol tarixində daha bir ilk gerçəkləşdi. `Qarabağ` Futbol Klubunun ölkə futbolunun inkişafı yönündə məqsədyönlü çalışmaları çərçivəsində daha bir möhtəşəm layihə həyata keçirildi. Belə ki, `Qarabağ` Futbol Klubunun rəhbərliyi aşağı yaş qruplarından ibarət komandalarımızın şərəfini qoruyan futbolçuların valideynləri ilə görüş keçirdi.

300-dən çox valideyn və futbolçunun iştirak etdiyi tədbirdə ilk olaraq `Qarabağ` Futbol Klubunun vitse-prezidenti Tahir Gözel, `Qarabağ` uşaq futbolunun koordinatoru Həmdi Sərpil Tüzün, `Qarabağ`ımızın əfsanəsi Müşviq Hüseynov və uşaq futboluna diqqətin təzahürü olaraq yetişmiş Əfran İsmayılovun futbol haqqında fikirlərinin əks olunduğu videoçarx nümayiş etdirildi. Ardınca isə `Qarabağ`ımızın vitse-prezidenti Tahir Gözel çıxış etdi. Tahir bəy uşaq futbolunun əhəmiyyətini vurğulayaraq bildirdi ki, rəhbərlik etdiyi klub həm futbolçu, həm də Azərbaycan cəmiyyətinə layiqli insan, şəxsiyyət yetişdirməyi hədəf seçib. `Qarabağ`ın köklü klub olduğunu dedi və bu klubun yetirməsi olmağı tam fərqli duyğu kimi qiymətləndirdi. Başqan bildirdi ki, yeniyetmə yaşlarında olan bu futbolçuların şəxsiyyət kimi yetişməsi üçün valideynlər onların təhsil və tərbiyəsinə daha çox diqqət ayırmalıdırlar. Uşaqların meydanda fərdiçiliyə üstünlük vermələrini bəyənmədiyini deyən Tahir bəy, hər bir oyunçunun formasının önündəki emblemin arxadakı adından daha vacib olduğunu söylədi. O, buna misal kimi Vaqif Cavadovu misal göstərərək dedi ki, Vaqif məhz komanda ruhunun əzmi nəticəsində `Tvente` ilə rəqib olduqdan sonra bu kluba transfer olundu.

Tahir bəyin ardınca `Qarabağ` uşaq futbolunun koordinatoru Həmdi bəy çıxış etdi. O, uşaqların gələcəyinin formalaşdırmasında valdeynlərin rolunun böyük rolunun olduğunu vurğulayaraq futbolçuların hər gün yalnız 2 saatını məşqdə keçirdiyini, 22 saatını isə valideynlərinin yanında olduğunu bildirməklə bu məsələnin vacibliyinə diqqət çəkdi. Həmdi bəy Argentinaın məşhur `River Pleyt` klubunu örnək göstərdi. O bu klubun ildə bir dəfə valideynlərlə görüş keçirdiyini və tədbirin təşkil olunduğu stadiona 80 min valideynin gəldiyini söylədi.

Sonra isə aşağı yaş qruplarından ibarət komandalarımızdaçıxış edən, təlim-təhsil, nizam-intizama görə fərqlənən uşaqlara diplom və xatirə hədiyyələri verildi.

Ardınca söz alan valideynlərimizdən biri `Qarabağ`ın bu tədbirinin əhəmiyyətini vurğulamaqla klub rəhbərliyinə təşəkkürünü bildirdi.

Sonra isə Azərbaycanın 15 və 17 yaşlı yeniyetmə futbolçulardan ibarət milli komandalarının baş məşqçisi Oliver Pelzer çıxış etdi. Almaniyalı çalışdırıcı valideynlərlə bu cür görüşlərin əhəmiyyətli olduğunu vurğulamaqla yanaşı, `Qarabağ` Futbol Klubunun uşaq futbolu üçün yaratdığı şəraitdən razılığını dilə gətirdi.

 

Tədbirdən MARAQLI ANLAR...

Paylaş

// pop up