"Qarabağ"ın dərdi var (FUTBOL+,09.06.2005)

single-news
9 İyn 2005

"Qarabağ"ın dərdi var (FUTBOL+,09.06.2005)



İqor Ponomaryovla yollarını ayırdıqdan sonra yeni baş məşqçi axtarışına çıxan "Qarabağ"da sakitlik pozulmaq bilmir. Bəzi mənbələr ağdamlıların yeni məşqçini Türkiyədən axtardığını iddia edir. Hər halda, əcnəbi məşqçi variantı daha real görünür. Onu da deyək ki, bu mütəxəssis ölkəmizdə çalışan Həmdi Sərpil Tüzün və ya Naci Şensoydan biri ola bilər. Ancaq məsələdə hələ ki heç bir konkretlik yoxdu. Üstəlik, "Qarabağ"ın hətta növbəti mövsüm güclülər dəstəsində yarışmasının mümkünsüzlüyü haqda söz-söhbət gəzir. Bütün bunlara klub rəhbərliyindən rəsmi münasibət öyrənmək fikrindəydik. Ancaq nədənsə mətbuat xidmətinin rəhbəri Asif Əsgərovdan başqa heç kim zənglərimizə cavab vermədi. O isə yalnız məsələyə yaxın günlərdə aydınlıq gələcəyini bildirdi. Maraqlıdı, görəsən, bu susqunluğun səbəbi nədi? Qeyd edək ki, "Azərsun Holdinq"in komandaya sponsorluqdan boyun qaçıracağı haqda şayiələr dolaşmaqdadı. "Qarabağ" rəsmilərinin susması bu söz-söhbətin reallıq ehtimalını çoxaldır. Hərçənd Əsgərovla söhbətdə aldığımız başqa bir xəbər nisbətən nikbin düşünməyə əsas verir. Belə ki, "Qarabağ" da digər klublarımız kimi növbəti mövsüm birinci dəstəyə komanda buraxmaq fikrindədi. Hələ ki rəhbərlik bu məsələni götür-qoy edir. Heç komandanın hansı ad altında çıxış edəcəyi də bəlli deyil.

Paylaş