“Qarabağ”ın hazırlıq planı məlum oldu (Champion 04.06.08)
“Qarabağ”ın hazırlıq planı məlum oldu (Champion 04.06.08)
Son turda “Olimpik”i məğlub edərək həm də ölkə çempionluğunu “İnter”ə hədiyyə edən “Qarabağ” növbəti mövsümdən etibarən özü qızıl medallara iddia edəcək. Bu məqsədlə ciddi hazırlıqlara start verilib. Düzdür, futbolçular hələ ki dincəlirlər. Hazırda başda komandanın baş məşqçisi Rasim Kara olmaqla məşqçilər Mehmet Ak, çətin Aykut və Tayfun Gürsel də vətənlərindədir. Amma köməkçilərindən fərqli olaraq Karanın işi bir qədər çox olacaq. Belə ki, baş məşqçi Türkiyədə olduğu müddətdə həm də qarşıdan gələn mövsüm üçün transfer çalışmalarını aparacaq. Bu məsələ ilə bağlı artıq ilkin addımlar atılıb. Aldığımız məlumata görə təcrübəli mütəxəssis 3 futbolçunu komandasının hazırlıqlarına cəlb etməyə qərar verib. Bunlar Braziliya və Argentinadan olan ön xətt oyunçularıdır. Həmin futbolçular Türkiyə toplanışı zamanı “Qarabağ”a qoşulacaqlar. Toplanışdan söz düşmüşkən, “Qarabağ” iyunun 18-də bir araya gələrək hazırlığın ilkin mərhələsini Bakıda keçəcək. Təxminən iki həftəlik paytaxt təlimlərindən sonra ağdamlılar Türkiyədə, Patalyanın Qızılcahamam bölgəsində təlim-məşq toplanışı keçirməyi planlaşdırırlar. Türkiyə toplanışında komandanın ən azı 4 yoldaşlıq görüşü keçirəcəyi gözlənilir.Türkiyədə 3 həftə qalmağı planlaşdırıran “Qarabağ” iyulun 22-də Bakıya dönəcək. Komanda hazırlığını növbəti mövsümün startına qədər Bakıda davam etdirəcək.
Bu arada klubla bağlı daha bir maraqlı xəbər baş məşqçi Rasim Kara ilə əlaqədardır. Belə ki, ötən gün “Beşiktaş” TV-də “Beşiktaş”ın 100-cü ildönümünə həsr olunan və bir neçə il bundan öncə çəkilən film yenidən efirə gedib. Filmdə vaxtilə komandanın formasını geyinən tanınmış futbolçuların fikirləri efirə verilib. Sabiq futbolçular arasında bir vaxtlar “Beşiktaş”ın qapısını qoruyan Rasim Karanın da fikirlərinə geniş yer verilib.