"Qarabağ"ın İK-da yeni təmsilçisi olacaq (FUTBOL+, 27.10.2005)

single-news
27 Okt 2005

"Qarabağ"ın İK-da yeni təmsilçisi olacaq (FUTBOL+, 27.10.2005)



FİFA və UEFA-nın yeni tövsiyyəsi AFFA İcraiyyə Komitəsinin tərkibində dəyişikliyə səbəb olacaq. Belə ki, ali futbol qurumlarının tövsiyyəsinə görə İK üzvləri sırf futbol adamları, hansısa klubu təmsil edən şəxslər olsa, yaxşıdı. Ötən ay FİFA və UEFA rəsmilərinin milli futbol assosiasiyalarının nümayəndələriylə birgə İsveçrədə keçirilən görüşündə bu məsələyə də toxunulmuşdu. Həmin görüşdə iştirak edən AFFA-nın baş katibi Fuad Əsədov İsveçrədən qayıdandan sonra qəzetimizə verdiyi açıqlamasında ali futbol qurumlarının bu tövsiyyəsinə əməl edəcəklərini bildirmişdi. Bu isə o deməkdi ki, İK-nın tərkibində əvəzləmələr olacaq. İK-nın yeni üzvlərinin kimliyi bilinməsə də gedişi gözlənilənlər bəllidi. Bunlar Əli Rəsulov və Hamlet İsaxanlıdı. Xatırladaq ki, Əli bəy vaxtilə "Qarabağ-Azərsun" adlanan komandanın baş direktoru, İsaxanlı isə indiki "İnter"in sələfi sayılan "Xəzər Universiteti"nin prezidenti kimi fəaliyyət göstərib. İndi isə nə Rəsulov, nə də İsaxanlı heç bir klubda təmsil olunmur. İK-dan gözlənilən gedişiylə bağlı fikirlərini öyrənmək istədiyimiz Hamlet bəy çəkilişdə olduğunu bildirdi. Çox güman ki, qarşıdakı parlament seçkilərində namizədliyini irəli sürən İsaxanlının bizimlə söhbətə vaxt tapa bilməməsi bununla bağlı idi. Rəsulov isə qısa da olsa, fikrini bildirdi: "Birincisi bu tövsiyədən təfərrüatı ilə xəbərim yoxdur. Biz AFFA İK-nin sıralarını tərk etsək, İK-nin tərkibi, çərçivəsi daha da darlaşacaq. Amma İK-dən getməyi özüm üçün problemə çevirmirəm. Təki futbolumuz inkşaf etsin." Əli bəyin İk-nə namizədliyini vaxtilə "Qarabağ-Azərsun" klubu tərəfindən irəli sürüldüyünü xatırlatdıq. İndi "Qarabağ" adlana klubun İK-də heç bir təmsilçisi yoxdur. Bu isə o deməkdir ki, Ağdam klubunun rəhbərliyi Rəsulovun yerinə başqasının namizədliyini irəli sürə bilər. Klubun baş direktoru Əmrah Çəlikəl məsələnin diqqət mərkəzində saxladıqlarını dedi: "Bu məsələdən xəbərimiz var. Rəhbərlik qərarını verəcək. Ümumiyyətlə yaxın günlərdə bu məsələyə aydınlıq gətirəcəyik və lazım gələrsə öz namizədimizin adını da müəyyənləşdirəcəyik." Sonda qeyd edək ki, bir çox məsələlərlə yanaşı, İK-nin üzvlüyü də AFFA-nın noyabrın 30-da keçiriləcək növbədənkənar konfransında baxılacaq.

Paylaş

// pop up