«QARABAĞ»IN MƏŞQÇİLƏRİ YIĞMANIN OYUNUNU DƏYƏRLƏNDİRDİ
18 Noy 2004
«QARABAĞ»IN MƏŞQÇİLƏRİ YIĞMANIN OYUNUNU DƏYƏRLƏNDİRDİ
Noyabrın 17-də futbol üzrə yığma komandamız öz meydanında Bolqarıstan futbolçuları ilə yoxlama görüşü keçirtdi. T. Bəhramov adına respublika stadionunda keçirilən qarşılaşmada futbolçularımızın nisbi ərazi üstünlüyü hiss olunsa da hesab açılmadı. Tərəflərin hər ikisi qol vurmaq üçün kifayət qədər şans qazandı. Amma azarkeşlər bu oyunda qol görə bilmədi. Qeyd edək ki, yığmanın oyunu «Qarabağ» üçün xüsusilə əlamətdar idi. Çünki komandamız bu toplanışda hamıdan çox düz 7 futbolçunu yığmanın düşərgəsinə göndərmişdi. Bəs görəsən, yığmaya ən çox oyunçu verən klubun məşqçilər korpusu millinin son yoldışlıq görüşü barədə nə fikirləşir. Fürsətdən istifadə edib bu həmçinin futbolçuların bolqarlarla oyundakı çıxışı barədə sualla məşqçilərimizə müraciət etdik.
İqor Ponomaryov: «Yığma normal oyun göstərdi. Hələ qol vəziyyətlərindən lazımınca istifadə olunsaydı qələbə qazanmaq şansı da vardı. Amma bu bir yoldaşlıq görüşü olduğu üçün nəticə əlbəttə ki, önəmli deyil. Əsas odur ki, futbolçular zəif nöqtələri görsünlər və bundan nəticə çıxarsınlar. O ki, qaldı «Qarabağ»ın üzvlərinin çıxışına. Əvvəla sevinirəm ki, start heyətində 4 futbolçum meydana çıxmışdı. Üstəlik, sonradan digər futbolçularımız da meydana çıxdı. 17 yaşlı Vüqar Nadirov yığmada debüt etdi. Bütün bunlar çox sevindirici haldı. Yetirmələrimin oyunundan razıyam. O ki, qaldı digər gənclərə onlar da pis oynamadı. Əlbəttə istərdik ki, daha yaxşı oynasınlar. Yəqin ki, zaman keçdikcə belə də olacaq».
Vladislav Qədirov: «Mən hesab edirəm ki, oyun normal keçdi. Qol vəziyyətlərindən yığma üzvləri lazımınca istifadə etsəydi, qələbə də olacaqdı. «Qarabağ»ın üzvləri klubumuzu layiqincə təmsil etdi. Bu gün əgər 7 futbolçumuz yığmaya dəvət olunursa bu bir daha klubumuzun gücündən xəbər verir».
Şahid Həsənov: «Mən komandada qapıçılarla işləyən məşqçi olduğum üçün ilk növbədə Raufun oyununa qiymət vermək istəyirəm. Qeyd etməliyəm ki, o çox etibarlı oynadı. Oyuna gəldikdə isə futbolçuların yaxşı, istəkli görünmələri xoşuma gəldi. Amma hiss olunur ki, hələ millidə çox işlər görülməlidir».