"QARABAĞ"IN NAİLİYYƏTİ - 14 FUTBOLÇUMUZ MİLLİDƏ !
2 Fev 2007
"QARABAĞ"IN NAİLİYYƏTİ - 14 FUTBOLÇUMUZ MİLLİDƏ !
“Qarabağ” Futbol Klubumuz daim öz dəsti-xəttiylə seçilib. Yarandığı ilk gündən mövqeyindən asılı olmayaraq “Qarabağ” FK hər zaman idman şərəf və ləyaqət prinsiplərini daim əldə rəhbər tutub, ümummilli dəyərlərə xüsusi önəm verib. Belə ki, “Qarabağ” Futbol Klubu müvəqqəti, sadəcə bu günün deyil, sabah və həmişə ölkə idmanına töhfə verə biləcək siyasət yürütməyə üstünlük verib. Bu məqsədlə, tanınmış uşaq məşqçisi Həmdi Sərpil Tüzünün Azərbaycana dəvət edərək onun coxillik təcrübəsindən maksimum yararlanmanı misal göstərə bilərik. Lakin belə addımlar planlı şəkildə, gələcək düşünülərək atılır.
“Qarabağ” indi də klub siyasətinin növbəti mərhələsini yerinə yetirərək nüfuzu Türkiyəni belə aşmış Rasim Karanı kluba baş məşqçi postuna gətirib. Amma, klubumuz Kara bəyin nüfuzundan deyil, işgüzarlıq, peşəkarlıq xüsusiyyətlərindən istifadə edərək Azərbaycan futbolunda yeni səhifə açmaq niyyətindədir. “Qarabağ” Futbol Klubu sadəcə bu günün uğuruyla kifayətlənmək istəmədiyindən dünya praktikasında özünü doğrultmuş gəncləşdirmə siyasətiylə Azərbaycan futboluna gələcəyinin təminatçısına çevrilməkdədir. Məhz Həmdi Sərpil Tüzünü ölkəmızə gətirərək onun təcrübəsini Klubumuzun uşaq futboluna tətbiq etməsi nəticəsində klubumuzun 8 futbolçunun gənclər millisinə çağrılmaq şərəfinə nail oldu. Deməli, bir necə ildən sonra Rasim Karanın “süzgəc”indən bu gənclər Azərbaycan millisinin şərəfini qoruyacaq. Üstəlik, klubumuz Azərbaycan futbolunun gələcəyi hesab olunan Vaqif Cavadovu da transfer edərək ölkəmizin idman gələcəyinə nə qədər önəm verdiyini bir daha sübut etdi. Hal-hazırda, əsas millimzdə çıxış edən 6 futbolçumuzu nəzərə alsaq, “Qarabağ” adını daşıyan komandamızın Azərbaycan futboluna onun bayrağını təmsil edəcək 14 futbolçuyla xidmət etdiyinin şahidi olarıq. Bu bir daha klubumuzun tutduğu siyasətin nə dərəcə də doğru olduğunun bariz göstəricisidir. “Qarabağ” Futbol Klubu bir daha sübut edir ki, onun əsas məqsədi Azərbaycan futboluna xidmət etməkdir. Belə olmasaydı, dövrələrarası hazırlığın futbol komandası üçün çox böyük əhəmiyyəti olmasına baxmayaraq, Baş Məşqçimiz Rasim Kara millinin mənafeyi üçün komandanın 60%-dən məhrum olmağa razılıq verməzdi. Təcrübəli məşqçimizin sözlərindən də Klubumuzun Azərbaycan futboluna xidmət etdiyini sezməmək çətin deyil: “Biz “Qarabağ” Futbol klubu olaraq, 14 futbolçumuzun Milliyə çağrılmasından qürur hissləri keçiririk. Düzdür,çempionatın başlanmasına cəmi 3 gün qalmış bir yerə toplanacaq klubumuz üçün bu çox ağırdır. Lakin bununla belə hər bir futbol klubu ilk növbədə Millinin mənafeyini güdməli, onun mənafeyini klub mənafeyindən üstün tutmalıdır. Ölkənin bayrağı təmsil ediləcək hər bir yarış, turnirə dəvət alan futbolçu bununla fəxr etməlidir. Mən də “Qarabağ” Futbol Klubunun Baş Məşqçisi kimi, 14 futbolçumun milliyə dəvət almasını klubumuzun nailiyyəti hesab edirəm!”