“Qarabağ”ın “Neftçi” ilə görüş öncəsi son məşqi (ÇEMPİON, 01.05.2006)

single-news
1 May 2006

“Qarabağ”ın “Neftçi” ilə görüş öncəsi son məşqi (ÇEMPİON, 01.05.2006)



Ölkə kubokunun yarımfinalında “Neftçi” ilə cavab matçına hazırlaşan “Qarabağ” MOİK-lə qarşılaşmada əsas heyətin üç üzvünə istirahət vermişdi. Belə ki, Aslan Kərimov, Romal Hüseynov və Cahangir Həsənzadə ehtiyat oyunçular skamyasında əyləşmişdilər. Hakimin start fitindən sonra ağdamlılar rəqib qapısına doğru aramsız hücumlara başladılar. Ağdamlılar tezliklə ərazi üstünlüyünü ələ keçirsələr də, ilk qol vəziyyəti məhz onların qapısı qarşısında yarandı. Əks-hücum zamanı Hüseyn Həsənovun sol cinahdan irəliləyib qapıya endirdiyi zərbə dirəyin yanından keçdi. Bundan sonra “Qarabağ” hücuma atıldı. Əvvəlcə Samir Musayev qol imkanından yararlana bilmədi. 14-cü dəqiqədə isə hesab açıldı. Samirin ötürməsini Vasif Haqverdiyev dəqiq zərbə ilə tamamladı. Hesab açıldıqdan sonra da hücumlarına ara verməyən Böyükağa Ağayevin yetirmələri daha bir neçə qol imkanını qaçırdılar. Əvvəlcə, Musayevin baş zərbəsi dəqiq olmadı. Az sonra o, gözəl ötürmə ilə Müşfiq Hüseynovu qolkiperlə təkbətək çıxartdı, lakin Anar Bayramov sayıq idi. Hamı meydan sahiblərinin ikinci qolu vuracağını gözlədiyi bir vaxtda MOİK hesabı bərabərləşdirdi. Ofsayd yaratmaq istəyən ağdamlı müdafiəçilərin səhvindən yararlanan Hüseyn Həsənov qolkiperlə təkbətək çıxaraq “hərbçilər”in altı matçlıq qolsuzluq seriyasına son qoydu. Cavab hücumunda isə “Qarabağ” ikinci topu rəqib qapısından keçirdi. Müşfiq Hüseynovun zərbəsindən sonra top Samir Quliyevə dəyərək tora daxil oldu. İlk yarını 2:1 hesabı ilə irəlidə tamamlayan “Qarabağ” fasilədən sonra nisbətən sakit oynamağa başladı. Bundan istifadə edən MOİK-in oyunçuları rəqibə pressinq tətbiq etməyə başladılar. Müşfiq Hüseynovla Elmir Xankişiyevin qol vəziyyətlərindən yararlanmamaları hesabın dəyişməsinə mane oldu. MOİK-də isə son ötürmə verənin tapılmaması “hərbçilər”in Suraxanıdan bir xal aparmalarına mane oldu. Böyükağa Ağayev (”Qarabağ”ın baş məşqçisi): “Neftçi” ilə keçirəcəyimiz kubok oyununu düşündüyümüzdən bəzi futbolçulara istirahət vermişdim. İndiyədək uşaqlara dəfələrlə demişəm ki, zəif komandalarla görüşə asan yanaşmasınlar. Yenə xeyri olmur”. Ramil Əliyev (MOİK-in baş məşqçi əvəzi): “Oyun bərabər səviyyədə keçdi. Deyərdim ki, bu, MOİK-in çempionatda sərgilədiyi ən yaxşı oyun idi”.

Paylaş