"Qarabağ"ın prezidenti klub heyəti ilə görüşdü (ÜÇ NÖQTƏ, 19.07.2005)

single-news
19 İyl 2005

"Qarabağ"ın prezidenti klub heyəti ilə görüşdü (ÜÇ NÖQTƏ, 19.07.2005)



ABDULBARİ GÖZƏL: "KOMANDANI ZİRVƏLƏRƏ QALDIRACAĞIQ" O, KLUBA BİRBAŞA ÖZÜ NƏZARƏT EDƏCƏYİNİ AÇIQLAYIB Ötən şənbə "Azərsun Holdinq"in iclas zalında "Qarabağ" Futbol Klubunun prezidenti Abdulbari Gözəl klub heyəti ilə görüş keçirib. Görüşdə klubun ötən ilki çıxışına nəzər salınıb və gələcək planlar haqqında müxtəlif təkliflər səsləndirilib. Daha sonra klub prezidenti A.Gözəl geniş nitq söyləyib: ""Qarabağ" Azərbaycanda tarix yazıb və buna heç kim şübhə edə bilməz. Lakin hər bir klubun enişli-yoxuşlu dövrü olur. Məhz "Qarabağ"ın enişli dövründə biz klubun dağılmasına imkan vermədik. Onu dirçəltdik və kluba yiyə durduq. Bununla da biz Azərbaycan futbolçuna öz tövhəmizi verdik. Biz təkcə kluba sponsorluq etməklə deyil, eləcə də Azərbaycan futbolunda yeni bir mədəniyyətin əsasını qoyduq. Şirkət olaraq futbola böyük yatırımlar sərf etmişik. Bizim atdığımız addımlar digər şirkətləri və iş adamlarını da bu istiqamətə yönəltdi. Mən bu gün çox sevinirəm ki, Azərbaycanda futbol inkişaf edir. Lakin istərdim ki, bu inkişaf təmiz olsun. Təəssüflər olsun ki, çirkinliklər də bu inkişafın fonunda müşahidə olunur. İndi bizim qarşımızda duran əsas vəzifə bu çirkinliklərlə mübarizə aparmaqdır". Klub prezidenti daha sonra futbolçulara müraciət edib: "Dünyada çox insanlar var ki, onlar həqiqətən ağıllıdırlar, amma müəyyən bir səviyyəyə çata bilməyiblər. Bunun sadə bir səbəbi var: etimad, inam. Futbolda da bu əsasdır. Əgər siz təmiz oyun göstərib öz adınızı qaldırsanız komandaya faydalı olacaqsınız. Belə olan təqdirdə sizə olan inam da artacaq. Mən çox istəyirəm ki, "Qarabağ"ın futbolçuları təmiz və sadiq olsunlar və bununla da özlərini inkişaf etdirsinlər. Hesab edirəm ki, təmiz və sadiq adla Azərbaycan futbolu dünya futboluna adlar bəxş edə bilər". Daha sonra Abdulbari Gözəl növbəti mövsümdə "Qarabağ"a şəxsən özü birbaşa nəzarət edəcəyini açıqlayıb: "Ötən il işlərin çoxluğundan futbola o qədər də vaxt ayıra bilmirdim və bütün cavabdehliyi Tahir Gözələ vermişdim. İndi bəzi başqa önəmli layihələrimiz var. Bu layihələri Tahir bəy həyata keçirməlidir. Bunları nəzərə alaraq qeyd edirəm ki, bundan sonra kluba birbaşa özüm nəzarət edəcəyəm. İcraçı direktor Emrah Çelikel və digər idarə heyəti yzvləri ilə birlikdə kluba nəzarət edəcəyəm. Komandaya nəzarət şura formasında olacaq və buraya məşqçilər və digər klublarda olan təcrübəli şəxslər daxil olacaq. Bununla biz istəyirik ki, öz sistemimiz olsun. Biz istəyirik ki, komandada hər kəs öz sözünü deyə bilsin. Amma bunların da başında nizam-intizam durmalıdır. Nizam-intizamla möhkəm birlik yaratmalıyıq. Birlik yaradaraq güclənməliyik. Mən bilirəm ki, ağır yoldayıq. Amma niyyətimiz təmizdirsə və birliyimiz varsa, heç bir çətinliklə üzləşməyəcəyik. Söz verirəm ki, bizə olan bütün haqsızlığa qarşı mübarizə aparacağıq. Sizdən də bir istəyim var: Sonuncu olun, amma təmiz, sadiq və baxımlı futbol oynayın". Daha sonra iclasda klubun ötən ilki uğursuzluqları müzakirə obyekti olub. Klubun rəisi Ramiz Şahməmmədov, baş məşqçi Elxan Abdullayev, futbolçu Mübariz Orucov öz fikirlərini səsləndiriblər. Müxtəlif fikir mübadiləsi aparılaraq klubun gələcəyi haqqında təkliflər söylənilib. Səmimi söhbətlərdən sonra klub prezidenti iclasa yekun vurub: "Qarabağ" adını biz həmişə yaşadacağıq və daha uca zirvələrə qaldıracağıq. Bu, həm də bizim mənəvi borcumuzdur. Bu ölkəyə xidmət etmək lazımdır. Azərbaycanda bu il inkişaf 18 faizdir. Bu göstərici dünya rekordudur. Belə inkişaf edən ölkədə daha böyük işlər görmək üçün hamımız çalışmalıyıq. Hər kəs öz işini sevməlidir. Futbolçular da həmçinin. Məhz bundan sonra nəticə haqqında düşünməyə dəyər. Sizə işinizi sevməyi arzulayıram". Əlavə edək ki, "Qarabağ" mövsüm başa çatdıqdan sonra bir çox oyunçuları ilə yollarını ayırıb. Bundan başqa baş məşqi İqor Panamaryov da klubu tərk edib. Bu hadisələrdən sonra bəzi mətbuat orqanlarında hətta "Qarabağ"ın növbəti çempionatda iştirakının sual altında olduğu haqda məlumatlar yayılmışdı. Lakin baş məşqçiliyə gənc mütəxəssis Elxan Abdullayevi gətirən rəhbərlik artıq növbəti mövsümə hazırlığı davam etdirir. "Qarabağ"ın prezidentinin klub heyəti ilə son görüşündən sonra isə ağdamlıların "Azersun Holdinq"in dstəyi ilə növbəti çempionatda da iddialı komandalar sırasında yer alacağı gözlənilir.

Paylaş

// pop up