"Qarabağ"ın qara bəxti açılmır (FUTBOL+, 18.06.2005)

single-news
18 İyn 2005

"Qarabağ"ın qara bəxti açılmır (FUTBOL+, 18.06.2005)



İndi "Qarabağ" haqda düşünəndə xəyalən canlananlar içərisində heç nə görmürük. Gözümüz önünə eşitdiyimiz bol-bol fərqli rəngdə şayiələr toplusu gəlir. Hərə bir söz deyir. Ağdam klubunun dağılmaq üzrə olduğundan danışan kim, himayəçi "Azərsun Holdinq"in komandanı buraxacağını iddia edən kim. "Qulaq gündə bir söz eşitməsə, kar olar" deyib atalarımız. Hətta köklü klubumuzun növbəti yarış ilini birinci dəstədə keçirəcəyi barədə də duyduq. Beləcə "Qarabağ" rəhbərliyi xeyli müddət ağdamlı azarkeşlərin ürəyini əsdirməkdə davam etdi. İqor Ponomaryovun gedişindən sonra baş məşqçi postuna yeni təyinat məsələsi düyünə düşdü. Qıraqdan elə görünür ki, elə klub rəsmiləri tələsməyərək yüz ölçüb bir biçməklə olayı çözmək fikrindədi. Ancaq hadisələrin belə axarı ölçülən qədər də biçilməyə oxşadı. "Qarabağ"ı yüz dəfə də biçdilər, amma hələ ortalıqda məntiqə dayanın bir şey yoxdu. Qaçqın komanda ötən birincilikdə çempionluğa digərlərindən daha çox yaxınlaşmışdı. Gəl ki, problemlər başıbəlalı komandanın yaxasından əl çəkmədi. "Qarabağ"da iç qalmaqallar olduğunu adım kimi əmin olsam da, heç kim cürət edib hadisələrin əslini dilə gətirmədi. Beləcə bədgünlü komanda daxili çaxnaşmalar beşiyində yırğalandıqca yırğalandı və Ponomaryovun gedişindən sonra qara bir sükut çökdü Ağdam təmsilçisinin üzərinə. Rəhbərliyin susqunluğu pozmadığı dövrdə söz-söhbətlər sıralanmağa başladı. Dedilər ki, guya "Xəzər-Lənkəran"la səfər matçı ukraynalı legionerlər - Andrey Kolinenko, Vladimir Boxaç və Denis Sokolovski tərəfindən 120 min dollara satılıbmış. Hətta əcnəbilər hərəkətlərinə görə cəza da alıblar. Ukraynalıları "bəzi adamlar" dəniz kənarına apararaq günahlarına görə yaxşıca əzişdiriblər. Dedilər ki, guya "Gəncə"ylə "ev" matçında antirus şüarları təşkil olunubmuş. Səbəbkar qismində isə klubun təsisçilərindlən biri Adil Nadirovun adı hallandırıldı. Dedilər ki, guya "Azərsun Holdinq" son çempionatda kluba əvvəlkilərlə müqayisədə çox vəsait xərclədiyindən narazılıq yaranıb və komanda sponsorsuz qalacaq. Dedilər ki, guya klub rəhbərliyi maddi yükü azaltmaq üçün "Qarabağ"ı elitadan çıxarıb birinci dəstəyə buraxacaq və s. və i. Bunları eşitsək də, yazmaq üçün tələsmirdik. Ümid edirdik ki, "Qarabağ"dan kimsə tutarlı bir şeylər deyəcək, məsələlərə şəffaflıq gətirəcək. Bizim üçün rəsmi, qəbul olunan da bu olardı. Lakin heç də ümidlərimiz doğrulmadı. Əvvəllər heç olmasa, səsimizə səs verib hadisələrə tam güzgü tutan bir söz belə deməsə də, gözləməyimizi istəyən baş direktor Əmrah Çəlikəl də zənglərimizə cavab vermədi. Hətta əlaqə saxladığımız bəzi futbolçuların da telefonları susurdu. Kim isə danışmalıydı. "Qarabağ" rəhbərliyi azarkeşlər önündə öhdəliyi önəmli saymaya bilər. Biz isə oxucularımız qarşısında məsuliyyəti dərk edirik. Bu mənada elə "Qarabağ"sevərlərə də hadisələrin doğru tərəfini çatdırmaq üçün əlləşirdik. Əsas danışması gərəkən isə vitse-prezident Tahir Gözəl idi. Görünür, Tahir bəy yaxşı günün dostuymuş. Vəziyyət ürəyincə olanda vitse-prezident tez-tez jurnalistləri başına yığar, güzaranlarıyla bağlı maraqlı vədlər verərdi. Gözəlin idarəçilik anlayışı o vaxt eşitdiklərimizə nəzərən həqiqətən də gözəl təsir bağışlayırdı. İndi isə Tahir bəy susub. Heç digər rəsmi Çəlikəl də danışmır... Hörmətli başbilənlərin nəzərinə çatdıraq ki, sizi dinləmək "Qarabağ"ın varlığıyla nəfəs alan azarkeşlərin haqqıdı. Hadisələri işıqlandırmaq isə bizim borcumuzdu. Media sadəcə, aradakı ünsiyyət vasitəsidi. Kimsə özündə güc tapıb çıxmalı və "Qarabağ" haqda danışmalıdı. Yuxarıda eşitdiyimiz şayiələr barədə qısaca qeydlər apardıq. Deyilənlər içində bundan pisləri də var. Hər halda, bir az da gözləyək və inanaq ki, "Qarabağ"da sular durulacaq. Hər halda, "Qarabağ"da nələr olur" sualına cavab verənlər tapdıq. Asif Əsgərov (mətbuat xidmətinin rəhbəri): "Bizdə hər şey qaydasındadı. Klubumuz daha da gücləndiriləcək. Baş məşqçi məsələsinə də yaxın günlərdə aydınlıq gəlməlidi. "Qarabağ" növbəti mövsümdə də iddiasını ortaya qoyacaq. Heç bir problem yoxdu". Sətta Əliyev (məşqçi): "Bəzi bəd söz-söhbət eşitmişəm. "Qarabağ"ın birinci dəstədə çıxış etməsinə inanmıram ki, göz yumulsun. Rəhbərlik nə olsa da, buna getməz. Mən doğma komandamın yanındayam. "Qarabağ" üçün can qoymuşam, xidmətlərim olub. Bizim komanda ənənələri, tarixiylə birinci dəstəyə yox, daim zirvələr layiqdi. Hələ ki, gözləyirik". Mübariz Orucov (futbolçu): "Qarabağ"ın birinci dəstədə çıxış edəcəyi barədə deyilənləri eşitmişəm. Lakin bunu rəhbərlikdən heç kim dilinə gətirməyib. Məncə, belə bir şey olmaz. Bir sıra təkliflər almışam. Lakin "Qarabağ"da vəziyyətə tam aydınlıq gəlsə və razılaşmamız baş tutsa, qalmaq istərdim". Abuzər İbrahimov (futbolçu): "Birinci dəstə məsələsini mən də eşitmişəm. Amma inşallah belə hal baş verməz. Komandam elitada müabarizəsini davam etdirirsə, onunla əməkdaşlığı davam etdirəcəyəm. Hazırda bütün futbolçular gözləyir. Yəqin tez bir müddətdə taleyimizə aydınlıq gələcək". Vadim Vasilyev (futbolçu): "Qarabağ"dan gedəcəyəm. Artıq fikrimi qətiləşdirmişəm və bəzi klublarla danışıqlar aparıram. Hələ konkret bir şey olmasa da, artıq Ağdam təmsilçisi mənim üçün sabiqdi. Güclülər dəstəsində oynamamaq məsələsi isə öz problemləridi".

Paylaş