«Qarabağ»ın türk yarımmüdafiəçisi Devran Ayhanın Fanat.az-a eksklüziv müsahibəsi (fanat.az)

single-news
27 Dek 2010

«Qarabağ»ın türk yarımmüdafiəçisi Devran Ayhanın Fanat.az-a eksklüziv müsahibəsi (fanat.az)



Devran Ayhan: «Onu necə baş məşqçi təyin ediblər başa düşə bilmirəm»

«Qarabağ»ın türk yarımmüdafiəçisi Devran Ayhanın Fanat.az-a eksklüziv müsahibəsi

- Futbola gəlişini xatırlayırsan?
- Türkiyədə hər uşaq kimi futbola küçələrdə başladım. Günüm futbol oynamaqla keçirdi. Topla yatıb-qalxırdım. 10 yaşımda «Beşiktaş»da futbola başladım. Bundan sonra təkliflər gəlməyə başladı. Təbii ki, hədəfim bu klubda qalıb oynamaq idi. Amma qismət belə imiş ki, ayrıldım. Sonra «Rizespor»a transfer olundum. Artıq bu klubda 19 yaşımda liqada oynamağa başladım. «Beşiktaş»a qarşı oynamaq mənim üçün çox həyacanlı idi. Bu şəkildə futbol həyatıma başlamış oldum.

- İlk matçın hansı olub?
- İlk matçımı həqiqətən xatırlaya bilmirəm.

- Futbola həvəs səndə necə yaranıb?
- Bizdə hər kəsin futbola həvəsi mütləq var. 10 nəfərdən 9-u futbola maraq göstərir. Məndə elə gözümü açıb futbol görmüşəm. Uşaqlıqdan marağım olub.

- Stadiondan ilk izlədiyin matç hansı olub?
- Stadionda futbola baxmaq üçün ilk dəfə atam məni «Fənərbaxça» - «Adanaspor» matçına aparmışdı. Çünki başqa bir komandaya azarkeşlik etmək şansım yox idi. Anadan olan kimi «Fənər»in formasını atam əynimə keçirtmişdi. Anadangəlmə «Fənər»li olmuşdum.

- İndi də «Fənərbaxça»lısan?
- İndi peşəkar futbolda olduğum üçün hisslər bir az dəyişilib. Elə olur ki, komandan uduzduğunda nifrət belə edirəm. Amma illərdi «Fənər» azarkeşiyəm.

- Peşəkar futbolçu kimi ən yadda qalan və ən önəmli matçın
hansı olub?
- Belə oyun çox olub. Belə oyunlardan biri mən «Qaziantepsor»da oynayarkən Fransanın «Lans» klubuna qarşı qarşılaşma olub. Birinci qolu da mən vurmusdum. Həyatımda ən sevindiyim anlardan biri idi. Sonra «Qaziantepsor»da «Beşiktaş»a qarşı oynadığımız matçda ikinci qolu vurmuşdum. O qol doğrudan da inanılmaz bir qol idi. İnternetdə də var. O zaman «Qara Qartal»ın baş məşqçisi Del Boske idi.

- Ən üzüldüyün matç hansı olub?
- Əslində çox uzaqlara getmək lazım deyil. Ötən mövsüm  «Xəzər Lənkəran»da iki kuboku da qazanmaq şansımız var idi. Amma ikisini də əldən verdik. Bu futbol həyatımdakı ən pis xatirələrdən biridi. Türkiyəyə getsəm
də, onu günlərlə unuda bilmədim.

- «Qarabağ»da komanda yoldaşlarınla münasibətlərin necədi?
- «Xəzər Lənkəran»da oynayarkən belə hansı komandanı bəyənirsən soruşuluduğunda həmişə «Qarabağ»ı deyirdim. Təbii ki, Lənkəranda da çox rahat idim, onları da sevirdim. Amma «Qarabağ»da azərbaycanlıların çoxluğu məni daha çox sevindirirdi. Bunu başqa heç bir komandada görə bilmirəm. Bura Azərbaycandı. Komanda da Azərbaycan komandasıdı. Azərbaycanlıların içində olmaq məni daha çox sevindirir. Burada özümü yad olaraq görmürəm.

- Qarabağ haqqında bir şey bilirsən?
- Çox şey bilmirəm. İşğalda olduğunu bilirəm. Amma çox da dərin bilgiyə malik deyiləm.

- Amma bilməyin gərəkmirmi?
- Bəli, lazımdı. Düz qeyd edirsiz. Öyrənəcəm.

- Azarbaycanlıları sevirsənmi?
- Əlbəttə. Lənkərandan ayrıldıqdan sonra da ordakı dostlarımla zəngləşib danışırıq. Məsələn, Alim Qurbanov, Ruslan Poladov. Hamısını çox istəyirəm. İnanın ki, ordan ayrılarkən hamısı üzüldü. Bir-birimizə çox bağlılıq var idi.

- Azərbaycanlılarda olan hansı özəllik daha çox xoşuna gəlir? Eyni zamanda xoşuna gəlməyən cəhətləri hansıdı?
- Bir az daha birlik olsalar, yaxşı olar. Bir az da tənbəl yox, çalışmaq istəyi olsa, daha yaxşı olar. Bu amillər olsa, hər şey edə bilərlər, Bütün çətinlikləri asanlıqla aşarlar. Biz Türkiyədə matça çxımamızdan əvvəl sanki savaşa gedirik kimi oyuna köklənirik. Amma burda belə deyil. Lənkəranda da 2 il qaldım, həftəsonu matçımıza çıxıb, sonra heç nə olmamış kimi hərəkət edirdik. Amma biz Türkiyədə matçdan sonra ağlayardıq. Bunu bir az «Qarabağ»da hiss etdim. Baş məşqçimiz bizi yığıb mənəvi güc verir. Oynayacağımız matçın önəmindən danışır. Azərbaycanlıların çoxluğu bunu göstərir.

- Xahiş edirəm bu sualıma səmimi cavab ver. Berti Foqtsu bəyənirsən?
- Mənim onun haqqında fikir söyləməyim düzgün olmaz. Onunla birlikdə heç vaxt işləməmişəm. Ancaq kənardan izləmişəm. Fikrimcə, futbolçunu artıq yükləmək düzgün deyil. Futbolçu nəyə qadirdisə, o qədər də yüklənmə olmalıdı. Əgər artıq olsa, nəticə ala bilməzsən. Həm də futbolçular öz
komandalarında uğurlu ola bilmirlər.

- Türkiyə milli komandası haqqındakı fikirlərini də bilmək istərdim.
- Türkiyə yağmasının indiki heyətində firimcə, o qədər də güclü futbolçular yoxdu. Azərbaycan - Türkiyə qarşılaşmasında əvvəl də jurnalistlərə dedim ki, bilmək olmaz kim qalib gələcək. Çünki indi yaxşı oynamırıq.

- Türkiyədə ən çox bəyəndiyin futbolçu hansıdı?
- Mən Hakan abini (Hakan Şükür) çox sevirəm. Ən çox sevdiyim futbolçu odu. Onun peşəkarlığını özümə örnək götürürəm. Hakan həm də çox sadə və səmimi insandı. Rüştü Rəncbər də belədi. Başqa futbolçular kimi özündənrazı deyillər.

- Dünyada ən çox bəyəndiyin futbolçu kimdi?
- Mən uşaqlıqdan «Barselona»ya azarkeşlik edirəm. Oradakı bütün futbolçular möhtəşəmdi. Tək Messi deyil. Messi təbii ki, böyük gücdü. Onlar mənim tam istədiyim futbolu oynayırlar.

- Türkiyədə belə bir deyim var: «Erkek adam takım tutar». Bu fikirlə nə dərəcədə razısan?
- İnanın ki, Türkiyədə 100 nəfərdən soruşsanız, bəlkə biri «hansısa komandaya azarkeşlik etmirəm» deyər. Hamı futbolla yatıb-qalxır. Küçələrdə uşaqlar top olmasa belə qutularla futbol oynayır. Türkiyə fanatic futbol ölkəsidi.

- Dünyadakı derbilər içərisində ən xoşuna gələni hansıdı?
- «Barselona» - «Real». Türkiyədə də «Fənərbaxça» - «Qalatasaray» matçı xoşuma gəlir.

- Səncə bu mövsüm Türkiyədə çempion kim olacaq?
- Mən «Fənər»liyəm, amma «Trabzonspor» çempion olacaq. O komandanın buna haqqı da çatır. Onları izləyərkən zövq alıram.

- Türkiyədə ən xoşuna gələn məşqçi kimdi?
- Fatih Terimdən və Şenol Günəş də xoşum gəlir. Ertuğrul Sağlam da çox yaxşı bir məşqçidi.

- Aykut Kocaman necə?
- Mən onunla bir il birlikdə çalışmışam, «Fənərbaxça» onu necə baş məşqçi təyin edib başa düşə bilmirəm. Bacarıqlı məqşi deyil. Məşqçi kimi də elə bir nəticə də göstərməyib. Mən onu «Fənər»ə yaraşdıra bilmirəm.

- Sevdiyin insan var?
- Ailəmə bağlı insanam. Biz bir-birimə ailəcə bağlıyıq. Sevdiyim qız var. İndi birlikdəyik.

- İlk sevgidi? Yoxsa bundan əvvəl də olub?
- Əvvəl də olub, münasibətlərimiz alınmayıb.

- Fikrin ciddi?
- Birlikdəyik. Hələ bir söz demək üçün çox tezdi. Bir-birimiz tanımağa çalışırıq. Qismət olsa, fikrimiz tam ciddiləşər.

- Türkiyədədi?
- Türkiyədədi. Amma bura da gəlib-gedir.

- Deyirlər ki, Devran Ayhan çox «çapkın»dı. Bu doğrudu?
- Yox. Mən Lənkəranda olarkən həftənin 5 günü orda olurduq. Buna heç zamanım olmurdu. İmkan olsaydı, bir günlük Bakıya gəlirdik. Amma bunu tam səmimi söyləyə bilərəm ki, «Qarabağ»la müqavilə bağladıqdan sonra heç bir yerə getməmişəm. Belə işlərlə məşğul olmuram. Anam, atam da bura gəlir. Aylardı heç yerə getmirəm. Qardaşım da burda olarkən axşamlar heç bir yerə çıxa bilmədik.

- Kinoya baxmağı sevirsən?
- Çox sevirəm.

- Hansı filmləri daha çox xoşlayırsan?
- Qorxu filmindən başqa bütün filmləri sevirəm.

- Niyə axşamlar tək qalarkən qorxursan?
- Bəli, illrədi tək qaldığım üçün bir az xoşuma gəlmir. Qan olanda da heç xoşlamıram. Həyat onsuzda çətindi. Buna baxıb, özümü daha da pis hiss edirəm.

- Belə kinolara baxanda axşam yata bilmirsən?
- Həqiqətən baxandan sonra yatmaq çətin olur (gülür).

- Köhnə türk filmlərinə baxrsan?
- Hələ də mən evdə tək olarkən o filmlərə baxıram. Kamal Sunalın, Şener Şenin filmlərini daha çox sevirəm. Çünki mən keçmişi daha çox sevirəm. Əvvəllər hər şey təbii idi. Keçmişdə olan o sevgi məktubu da gözəl idi. İndi
internet çıxıb, hər şey qeyri-təbii olmağa başlayıb.

- Xoşuna gələn aktyor hansıdı?
- Dünyada Mel Gibson, Ancelina Colini, Culiya Roberts və s. Çoxdu xoşuma gələn.

- Seriala baxırsan?
- Bəli, «Ezel»ə baxıram. Çox xoşuma gəlir. Evdə çox olduğum üçün bütün serialları izləyirəm. «Yahşi cazibə»yə isə bütün komandayla baxrıq.

- Azərbaycan kinolarından hansına baxmısan?
- Vallah heç birinə baxmamışam.

- Bəs Azərbaycan müğənnilərindən kimi bəyənirsən?
- Röyanı çox sevirəm. Yaxşı müğənnidi.

- Bəs özü necə, xoşuna gəlir?
- Gözəl xanımdı. Ən çox sevdiyim mahnısı da «Əs-əs dəli ürəyim»di.

- Əylənmək üçün Bakıda haralara gedirsən?
- Düzünü desəm Bakıda çox da əylənəcək yerlər yoxdu. Heç getməmişəm desəm yalan olar. Gecədən sonra
gediləcək yerlər qız dostumu aparacağım yerlər deyil.

- Türkiyədə belə deyil?
- Türkiyədə bir-birindən fərqli yerlər çoxdu. İstanbulda istədiyim yerlərə qız dostumla gedə bilirəm. Amma burda bir az pis baxırlar. Çünki həmin yerlərin özü başqa cürdü. Əgər sevdiyim qızı apararsam və birisi artıq hərəkət etsə
mən özümə hakim olmaya bilərəm. Ona görə də getməmək ən yaxşısıdı.

- Nə zaman dava edərsən?
- Əgər məni kimsə əskiltmək istəyərsə, namusuma, xarakterimə söz deyən olsa, o zaman çox pis nəticələr ola bilər.

- Əgər biri sənə səni sevmirəm, səndən xoşum gəlmir desə necə qarşılayarsan?
- Soruşaram ki, səbəbi nədi. Sonra ürəyimdə qalar.

- Ən çox nəyə hirslənirsən?
- Qarşımdakı insanın məni anlaya bilməmsinə. Mən başa salıram, o başa düşmürsə, o zaman hirslənirəm.

- Komandanda oyununa görə öz mövqeyində ən xoşuna gələn fubtolçu kimdi?
- Elvin Məmmədov. Hər oyundan sonra daha da yaxşı oyun göstərdiyini gördüm.

- Azərbaycanda ən xoşuna gələn hücumçu kimdi?
- Fikrimcə, Rauf Əliyev bir az da özünə fikir versə, ən yaxşı ola bilər.

- Yaxın futbolçu dostların var?
- Mən Aftandil Hacıyevlə birlikdə qalıram. Onu özümə çox yaxın hesab edirəm.

- Qurban Qurbanov haqqında fikirlərini bilmək istərdim.
- Qurban müəllim çox yaxşı məşqçidi. Futbolçularla çox mehriban davranır. Hamısı ilə yaxından maraqlanır. Yeni gələndə deyirdim yəqin indi bizə qışqıracaq. Amma sonra gördüm ki, tam əksidi. Futbolçuları sakitləşdirən,
mənəvi güv verən səmimi bir insandı. Məşqçilikdən əvvəl böyük qardaş kimi bizimlə rəftar edir. Nə problemimiz olsa, asanlıqla söyləyə bilirik. Bunlar çox önəmlidi. Qurban müəllim futbolçu kimi hələ də formadadı. Hərdən birlikdə futbol oynayırıq. Bizimlə bərabər oynaması çox xoşdu. Bizimlə zarafat da edir. Bu mənim çox xoşuma gəlir. Ona baş məşqçidən çox böyük qardaş kimi görürük.

- Sən özün də zarafatcılsan?
- Əlbəttə. Mən zarafatı çox sevirəm. İnsanların neqativ yox, pozitiv olmalarını istəyirəm. Ölümlü dünyadı, dünaya malı elə dünyada qalcaq. Mehriban olub, şən həyat yaşamaq lazımdı.

- Hirsli vaxtında necə sakitləşirsən?
- Hirsləndirim zamanlarda tək qalsam, sakitləşirəm. Hirsləndiyim insandan bir saat aralıda tək qalıb sakitləşə bilirəm. Bəzən də bunun qarşısını ala bilmirəm.

- Devran Ayhanı necə tanımaq olar?
- Mənimlə söhbət edən hər kəs məni tanıya, Necə bir insan olduğumu görə bilər. Məni tanıyanlar bilir ki, ailəmə çox bağlıyam. Ailəsinə bağlı olmayan adamla yaxınlıq edə bilmərəm.

- Ən çox sevdiyin şəhər hansıdı?
- İstanbul.

- Bakı necə şəhərdi?
- Bakını İstanbulun kiçik forması olaraq görürəm. Bakı çox sürətlə inkişaf edir.

İlkin Vidadioğlu
Fanat.Az

 

Paylaş

// pop up