"QARABAĞ"ın YENİ BAŞ MƏŞQÇİSİ BİR HƏFTƏYƏ MÜƏYYƏNLƏŞƏCƏK (Ayna, 09.06.2005)

single-news
9 İyn 2005

"QARABAĞ"ın YENİ BAŞ MƏŞQÇİSİ BİR HƏFTƏYƏ MÜƏYYƏNLƏŞƏCƏK (Ayna, 09.06.2005)



Ağdam klubu Elbrus Abbasovla danışıqlar aparır . Futbol üzrə XIII milli çempionat yekunlaşdı. Ağdamın "Qarabağ" klubu əvvəlcə çempionluq uğrunda mübarizədən, sonra isə mükafatçılar sırasına düşməkdən kənarda qaldı. Komanda iddiasını növbəti mövsümə saxladı. Ölkədaxili yarışda özünə layiq olmayan pilləni tutan "Qarabağ" çempionatlar tarixində hələ altıncı olmamışdı. Bir neçə dəfə çempion titulunu qazanan klubun ən pis nəticəsi dördüncü yer olub. Son - XIII milli çempionatın isə bütün turlarında hətta 4-cü pilləyə belə düşməyən "Qarabağ" son 3 turda 8 xal itirərək hesabına 1 xal yaza bildi. Elə rəqib qapısından da 1 top keçirərək öz qapısında 8 qol gördü. Bu da komandanın hazırkı yerə düşməsinə səbəb oldu. Turlara nəzər yetirsək, çempionatımızı tərk edən klublarla matçlarda xal itirən, lakin derbi oyunlarında qalib gələn Ağdam klubu məhz zəiflərlə matçlarda məqsədinə çata bilmədi. "Xəzər-Lənkəran"la səfər qarşılaşmasında müdafiəsinin kobud səhvlərinə görə ağırhesablı məğlubiyyətdən yaranan psixoloji durumun gərginləşməsi conrakı iki turda "Qarabağ"a mənfi təsirini göstərdi. Lənkəran klubu ilə matçda hətta "Qarabağ"ın ukraynalı legionerlərindən Andrey Kolinenko, Vladimir Boqaç və Vadim Vasilyevin oyunu 120 min dollara satdıqları barədə söz-söhbətlər gəzdi. Bununla bağlı Ağdam komandası rəhbərliyinin araşdırma apardığı məlum oldu. İndi "Qarabağ" istirahət edir. Legioner futbolçular artıq vətənlərinə dönüblər. Əldə etdiyimiz məlumata görə,яonlar Azərbaycana gələn mövsümün hazırlıqlarına başlayanda qayıdacaqlar. Klubun baş məşqçi İqor Ponomaryovla müqaviləsinin müddəti bitib. İndi "Qarabağ"a yeni çalışdırıcı axtarılır. Aldığımız məlumata görə, "Qarabağ"ın rəsmisi Tahir Gözəl iki dəfə komandanı ölkə çempionu edən mütəxəssis Elbrus Abbasovla danışıqlar aparır. Bu vəzifəyə klubun uşaq futbolu üzrə baş məşqçisi türk Həmdi Serpil Tüzünün gətiriləcəyi də söylənilir. Yeni baş məşqçinin adının bir həftədən sonra məlum olacağı bildirilir.

Paylaş