"Qarabağ"ın yeni baş məşqçisinin adı bir həftəyə bəlli olacaq (525-ci qəzet, 10.06.2005)

single-news
10 İyn 2005

"Qarabağ"ın yeni baş məşqçisinin adı bir həftəyə bəlli olacaq (525-ci qəzet, 10.06.2005)



Futbol üzrə milli çempionatda Ağdamın "Qarabağ" klubu son turlarda xal itkisinə məruz qaldığı üçün əvvəlcə çempionluq uğrunda mübarizədən, sonra isə mükafatçılar sırasına düşməkdən kənarda qaldı. Komanda iddiasını növbəti mövsümə saxladı. Ölkədaxili yarışda özünə layiq olmayan pilləni tutan "Qarabağ" çempionatlar tarixində hələ altıncı olmamışdı. Bir neçə dəfə çempion titulunu qazanan klubun ən zəif nəticəsi dördüncü yer olub. Son - XIII milli çempionatın isə bütün turlarında hətta 4-cü pilləyə belə düşməyən "Qarabağ" son 3 turda 8 xal itirərək hesabına 1 xal yaza bildi. Elə rəqib qapısından da 1 top keçirərək, 8 qol buraxdı. Bu da komandanın hazırki duruma düşməsinə səbəb oldu. Turlara nəzər yetirsək, çempionatımızı tərk edən klublarla matçlarda xal itirən, lakin derbi oyunlarında qalib gələn "Qarabağ" məhz zəiflərlə bacarmadı. "Xəzər-Lənkəran"la səfər qarşılaşmasında müdafiəsinin kobud səhvlərinə görə ağır hesablı məğlubiyyətə görə psixoloji durumun gərginləşməsi sonrakı iki turda mənfi təsirini göstərdi. Lənkəran klubu ilə matçda hətta "Qarabağ"ın ukraynalı legionerlərindən Andrey Kolinenko, Vladimir Boqaç və Vadim Vasilyevin oyunu 120 min dollara satdıqları barədə söz-söhbətlər gəzdi. Bununla bağlı Ağdam klubu rəhbərliyinin araşdırma apardığı məlum oldu. İndi "Qarabağ" istirahət edir. Legioner futbolçular artıq vətənlərinə dönüblər. Klubun baş məşqçisi İqor Ponomaryovla müqaviləsinin müddəti bitib və onlar yeni çalışdırıcı axtarışındadırlar. Aldığımız məlumata görə, "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl bir neçə dəfə komandanı ölkə çempionu edən mütəxəssis Elbrus Abbasovla danışıqlar aparıb. Bu vəzifəyə klubun uşaq futbolu üzrə baş məşqçisi, türk Hamdi Serpil Tüzünün gətiriləcəyi də söylənilir. Yeni baş məşqçinin adının bir həftədən sonra məlum olacağı bildirilir.

Paylaş