"Qarabağ"la "Karat"ın növbəti "duel"i(525-Cİ QƏZET, 20.04.2005)
20 Apr 2005
"Qarabağ"la "Karat"ın növbəti "duel"i(525-Cİ QƏZET, 20.04.2005)
ÖTƏNİLKİ QALMAQALI UNUTMAYAN BAKI KOMANDASI QİSAS ALMAQ NİYYƏTİNDƏDİR
Bu gün futbol üzrə milli çempionatımızda 28-ci tur start götürür. Turun ilk günündə 4 matçın keçirilməsi nəzərdə tutulub. Əvvəlcə, Bakıdakı oyunlar barədə.
Paytaxtın "Şəfa" stadionunda "Qarabağ" "Karat"la qüvvəsini sınayacaq. Rəqiblər səviyyə və yarış cədvəlindəki mövqe baxımından bir-birindən xeyli fərqlənsələr də, matç prinsipial xarakter daşıyır. Məsələ burasındadır ki, adıçəkilən komandaların birinci dövrədəki görüşündə cari mövsümün ən böyük qalmaqalı yaşanmışdı. Hakimin qərarlarıyla barışmayan "Karat" futbolçuları əsəblərini cilovlaya bilməyərək yan xətt hakimi Habil Əliyevə qarşı fiziki güc tətbiq etmişdilər. Nəticədə paytaxt klubunun üç üzvü çempionatın sonunadək diskvalifikasiya edilmişdi, həmçinin, onların barəsində cinayət işi açılmışdı. "Karat" texniki məğlubiyyətlə yanaşı, pul cəriməsinə də məruz qalmışdı. Bir sözlə, çempionatımızda misli-bərabəri olmayan hadisə baş vermişdi. Odur ki, "Qarabağ"la ikinci oyuna "Karat"ın düşərgəsində əməlli-başlı hazırlıq görülüb. Bakılılar məşq proseslərində psixoloji hazırlığa üstünlük veriblər. "Karat"ın məşqçilər korpusu və oyunçular qisas hissilə alışıb-yanır. Ağdam komandası isə liderliyini qorumaq haqda düşünür. Xal itkisi "Qarabağ"a baha başa otura bilər.
Tofiq Bəhramov adına Respublika stadionunda isə lider-autsayder qarşıdurması gerçəkləşəcək. Söhbət "Neftçi"-"Ədliyyə" matçından gedir. "Ədliyyə"yə qarşı oyunda əsas heyətin üç üzvü - Zaur Tağızadə, Anatoli Tebloyev və Ruslan Abbasov forma geyə bilməyəcək. Onların hər üçü cəzalıdır. Buna baxmayaraq, "Neftçi" bu görüşdə favorit sayılır və komandanın xal ehtiyatını asanlıqla artıracağı gözlənilir. Matç Babək Quliyevin rəhbərlik etdiyi hakimlər briqadasına tapşırılıb.
Gəncədə eyniadlı komanda MOİK-i sınağa çəkəcək. Statistika MOİK-in əleyhinə olsa da, "hərbçilər"in səfərdən xal gətirəcəyi istisna edilmir. "Şahdağ-Samur" isə Qusarda debütant "Karvan"la qarşılaşacaq. Bütün oyunlar saat 17-də başlanacaq. Milli çempionatın daha 4 oyunu aprelin 21-nə təyin olunub. "Şəfa" çempionatda çıxışını dayandırdığından 28-ci turda "Bakılı"ya texniki qələbə veriləcək.