"QARABAĞ"LA "NEFTÇİ" QARŞILAŞACAQ (525-Cİ QƏZET, 20.08.2005)
20 Avq 2005
"QARABAĞ"LA "NEFTÇİ" QARŞILAŞACAQ (525-Cİ QƏZET, 20.08.2005)
Azərbaycanın milli çempionatında ikinci tura start veriləcək. Turun ilk günündə 3 qarşılaşmanın keçirilməsi nəzərdə tutulub. Paytaxtın Ordu stadionunda MOİK "Gənclərbirliyi"ni qəbul edəcək. Çempionata məğlubiyyətlə başlayan "hərbçilər" cari mövsümdə ilk xalları qazanmaq niyyətindədilər. Digər iki matç Bakıdan kənarda oynanılacaq. Gəncədə eyniadlı komanda "MKT-Araz"la qüvvəsini sınayacaq. Güclülər dəstəsinin debütantı "Olimpik" isə Qusara yollanacaq. Xorvatiyalı Stepan Çordaşın rəhbərlik etdiyi kollektiv burada "Şahdağ-Samur"la qarşılaşacaq.
Bazar gününə təyin olunan oyunların hamısının maraqlı və gərgin idman mübarizəsi şəraitində keçəcəyi gözlənilir. "Xəzər-Lənkəran" bu mövsümdə ilk "ev" oyununa Cəlilabad şəhər stadionunda çıxacaq. Lənkəranlıların rəqibi "Bakı"dır. Xatırladaq ki, sözügedən komandaların milli çempionatda son qarşılaşması da elə bu stadionda keçirilmişdi və oyun ətrafında böyük qalmaqal yaşanmışdı. "Şəfa" stadionunda qızıl medallara iddialılar - "İnter" və "Karvan" oynayacaq. Bu görüşü həm də Yunis Hüseynovun "Karvan"ın baş məşqçisi postuna qayıdışından sonra ilk sınağı kimi xarakterizə etmək olar. Sabah Bakıda daha bir möhtəşəm matç gerçəkləşəcək. Suraxanı qəsəbə stadionu "Qarabağ" və "Neftçi"nin ixtiyarına veriləcək. Çempionata qələbəylə başlayan "Turan" qonşu rayona səfər edəcək. Tovuzlular Qazaxda yerli "Göyəzən"in qonağı olacaqlar. Bütün oyunlar saat 18-də başlanacaq.