"QARABAĞ"LI AZARKEŞLƏR PREZİDENTLƏ YENƏ GÖRÜŞƏCƏK (HET-TRİK, 13.09.2005)

single-news
13 Sen 2005

"QARABAĞ"LI AZARKEŞLƏR PREZİDENTLƏ YENƏ GÖRÜŞƏCƏK (HET-TRİK, 13.09.2005)



"Qarabağ"ı bürüyən daxili gərginlik hələ də davam etməkdədir. İqor Ponomaryovun baş məşqçi olduğu dönəmdən başlayan parçalanma gündən-günə böyüməkdədir. Artıq daxildə açıq-aşkar ikitirəlik hökm sürür. Yaxınlarda tərəfdarlardan 4-5-nin klub prezidenti Abdulbari Gözəllə görüşməsi də daxildə yaşanan vəziyyətdən doğan narahatçılıqla bağlıdır. Düzdü, ötən həftə bəzi komanda rəsmiləri bir qrup azarkeşin Gözəl bəylə danışıqlar masası arxasına əyləşməsini təkzib edərək, bunu "HET-TRİK"in növbəti "uydurma"sı adlandırdı. Lakin cidanı çuvalda gizlətməyin mümkünsüz olduğunu bir kəs daha sübuta yetirildi. İki gün çəkən araşdırmamızın nəticəsi kimi prezidentin qəbulunda olan şəxslərdən birinin kimliyini dəqiqləşdirə bildik. Bu, Qarabağ zonasında kifayət qədər nüfuz sahibi olan şair-publisist Abdal Qəhrəmandır. - Bəli, biz Gözəl bəylə görüşmüşük. Heç iki həftə deyil. Onunla söhbətimiz maraqlı alındı. Görüş əsnasında bəzi məsələləri müzakirəyə çıxardıq. Fikirlərimizin də demək olar üst-üstə düşdü. - Hansı məsələlər ətrafında danışıqlarınız oldu? - Azarkeşlərin iki şərti var. Birinci şərt torpaqlarımızın işğalında iştirak etmiş yadelli millətlərin nümayəndələrinin "Qarabağ"da oynamasının qarşısını almaqdan ibarət idi. "Qarabağ" elə bir klubdur ki, burada forma geyən futbolçu həmin şərəfə layiq olmalıdır. Seleksiya siyasətində torpaq amili nəzərə alınmalıdır. - Sözlərinizdən belə başa düşdüm ki, rus əsilli futbolçuların komandadan getməsini tələb etmisiniz? - Söhbət tək ruslardan getmir. Biz bunu deyəndə ümumən gəlmə futbolçuları nəzərdə tutmuşuq. Orada heç kim konkret ruslardan danışmayıb. Buna görə etiraz edən də yoxdur. - Bəs ikinci şərtiniz nədən ibarət idi? - Klubun bütün fanatları "Qarabağ"ın hazırkı durumundan narahatdır. Heç kim özünə yer tapa bilmir. Bu cür imkanlı, hər şəraiti olan komanda axı niyə zəif oynamalıdır? Biz belə fikirləşirik ki, bu gedişlə nəyəsə nail olmayacağıq. Ona görə də qərara aldım ki, Gözəl bəydən buna çarə tapmasını istəyək. Xahişimiz də ondan ibarət oldu ki, komandanın sükanı arxasına güclü, səviyyəli futbolçuları öz arxasınca aparacaq baş məşqçi lazımdır. Prezident də bu barədə fikirləşəcəyini dedi. - Ona dediz ki, biz Elbrus Abbasovun namizədliyini irəli sürürük? - Abbasovun namizədliyində iddia etmədik. Sadəcə söylədik ki, Elbrus müəllim "Qarabağ"a bağlı adamdır. Vaxtilə bu komandayla çempion olub. Belə bir mütəxəssisin kənarda qalması "Qarabağ"ın ziyanına işləyir. Gözəl bəy də bildirdi ki, mən Abbasovla da görüşəcəm. Sonra öyrəndik ki, prezident Elbrus müəllimlə həqiqətən bir araya gəlib. - Azarkeşlər "Gəncə" ilə ötən mövsümkü oyundan üzü bəri "Qarabağ"dan elə bil incik düşüb. İddia edilir ki, fanatları komandanın üstünə qaldıran Adil Nadirovdur… - Azarkeşlərin özlərinə nə gəlib? Bütün "Qarabağ"sevərlər klubun çıxışından narazıdır. Adil Nadirov çəkilib kənara öz şəxsi işləriylə məşğuldur. Çoxdandır onu tapmırıq ki, görüb soruşaq bu nə vəziyyətdir. Necə də olmasa, komandanı o, yaradıb. "Qarabağ"ın içinə də yaxşı bələdir. Ancaq Nadirov qətiyyən yaxına gəlmir. Odur ki, Gözəl bəyin yanına gedəndə heç onun fikrini də soruşmadıq. Görüşümüzdən də xeyli keçəndən sonra xəbər tutdu. - Maraqlıdır, prezident hazırkı vəziyyətdə nə etmək istəyir? - Gözəl bəy çox narahatdır. Azarkeşlər onu yaxşı başa düşür. Ötən çempionatda milyonlar xərclədi. Amma bəzi satqınlar hər şeyin üstündən xətt çəkdi. Uzun müddət turnir cədvəlində lider olasan, axıra üç tur qalmış da altıncı yerə yuvarlanasan. Gözəl bəy bizdən xahiş edib ki, gəlin, birlikdə araşdırma aparaq. "Qarabağ"ın hazırkı duruma düşməsinin səbəblərini müəyyənləşdirəcəyik. Prezidentlə yaxınlarda yenə görüşəcəyik. Həmin görüşdə çox məsələlələrə aydınlıq gələcək.

Paylaş