“Qələbə üçün çox güc sərf etdik”
“Qələbə üçün çox güc sərf etdik”
Misli Premyer Liqasının VI turunun “Qarabağ” – “Qəbələ” oyunundan (2:0) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini açıqlayıb:
“Futbolçularımı təbrik edirəm. Vacib qalibiyyət qazandıq. Oyun, bəlkə də, düşündüyümüzdən bir qədər fərqli alındı. Rəqib bu gün intizamlı oyun nümayiş etdirdi. Düzdür, istədiyim bəzi elementləri meydanda gördüm. Düşünürəm ki, daha çoxunu etmək lazımdır. Qələbə üçün çox güc sərf etdik. Futbolçularımızın meydanda bir-birinə dəstək olmaları, məğlub olmaq istəməmələri məni sevindirir. Bu gün bizi sona qədər dəstəkləyən azarkeşlərimizə də təşəkkür edirəm”.
Baş məşqçi oktyabrın 1-də UEFA Çempionlar Liqası çərçivəsində Danimarkanın “Kopenhagen” klubu ilə keçiriləcək ev oyunu barədə də danışıb: “Bizim üçün hər oyun vacibdir. Premyer Liqa ilə Çempionlar Liqasında rəqiblər fərqli olur. “Kopenhagen” 4-lü müdafiə ilə çıxış edən komandadır. Amma son matçlarında 5-li müdafiə ilə oynamışdılar. Qarşıdakı görüşə qədər futbolçularımızın oyun forması daha yaxşı olacaq. Artıq rəqibi daha yaxından təhlil edəcəyik. Ümumi məlumatımız var. Ayrı-ayrı detallara qarşıdakı günlərdə baxacağıq”.
