Qələbənin memarı alqışlarla qarşılandı (fanat.az)
Qələbənin memarı alqışlarla qarşılandı (fanat.az)
Qurban Qurbanov: "Şükürlər olsun ki, belə bir gündə qələbə qazandıq"
Fanat: "Bu günkü oyun ilk görüşdən daha çətin keçdi. Amma şükür olsun ki, hər şey yaxşı alındı. Futbolçularım bütün tapşırıqlarımı yerinə yetirdi". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ" - "Rusenborq" oyunundan sonra Azərbaycan təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.
"Belə bir gündə qələbə qazanmaq çox xoşdur. Çünki bu gün Ağdamın işğal günü idi. Hamımız - rəhbərlik, məşqçilər, futbolçular - söz vermişdik ki, belə bir gündə qələbə qazanaq. İstəyimizə çatdıq", deyə Qurbanov əlavə edib.
Gənc mütəxəssis 90 dəqiqə dayanmadan komandanı dəstəkləyən azarkeşlərə də təşəkkür edib: "Sağ olsmunlar. 90 dəqiqə bizə dayanmadan möhtəşəm dəstək verdilər. Buna görə onlara təşəkkür edirəm. Qələbədə fanatların da payı az olmadı".
Qurban bəy daha da böyük uğurlar əldə etmək istədiklərini vurğulayıb: "Artıq bu günü unuduruq. Bu qələbə bu gündə qaldı. Gələcəyə baxmaq istəyirik. Məqsədimiz bundan da böyük uğurlar qazanmaqdır. Vaxtımız azdır. Amma inanıram ki, növbəti oyuna da normal qaydada hazırlaşacağıq".
Qeyd edək ki, rəqib komandanın baş məşqçisi konfrans zalılını tərk edəndən sonra otağa daxil olan Qurbanovu jurnalistlər alqışlarla qarşılayıb. Media nümayəndələri təxminən 6-7 dəqiqə dayanmadan baş məşqçini alqışlayıb. O, otağı da alqış sədaları altında tərk edib.