Qırmızı al və növbəti matçda oyna (ÇEMPİON, 23.09.2006)
23 Sen 2006
Qırmızı al və növbəti matçda oyna (ÇEMPİON, 23.09.2006)
Futbolumuzdakı sürprizlər davam edir
Deyəsən, futbolumuzda hələ çox sürprizlərin şahidi olacağıq. Bir federasiyanın bayrağı altında keçirilən yarışlarda eyni klubun iki komandası çıxış edir. Bundan başqa, AFFA legionerlərə bağlı müəyyən limit tətbiq edir, lakin sonradan yığma naminə bəzi futbolçuların milliləşdirilməsinə icazə verərək klublar arasındakı balansın pozulmasına şərait yaradır. Səbəb kimi yenə əsasnamədə milli komanda ilə bağlı bəndin buna yol verdiyini göstərirlər. Ötən həftə daha bir anormallığın şahidi olduq. Söhbət “Qarabağ”ın müdafiəçisi Namiq Yusifovun “Qarabağ-2”nin heyətində qırmızı vərəqə almasına baxmayaraq növbəti turda əsas komandanın tərkibində çıxış etməsi oldu. Halbuki istənilən halda nizam-intizamı pozan futbolçu öz cəzasını çəkməlidir. Açığı, bu məsələ ilə bağlı AFFA-nın Yarışların Keçirilməsi və Təşkili Komitəsinin başçısı Məlik Həsənovun fikirlərini öyrənərkən ondan alacağımız cavabın nə cür olacağını təxmin etmişdik. Bəli, fikirlərimizdə yanılmadıq. Həsənovun sözlərinə görə, burada qanunsuz heç nə yoxdur: “Qarabağ” və “Qarabağ-2” tamam fərqli birincilikdə oynayır. Yəni biri elitanı təmsil edir, o biri isə güclülər dəstəsində yarışır. Namiq Yusifov ikinci komandanın heyətində qırmızı vərəqəyə “layiq görülüb”. Yəni bu cəza ona ancaq “Qarabağ”-2-nin heyətində şamil edilə bilər. Bu mənada futbolçunun əsas komandanın heyətində meydançaya çıxması tam normaldır və burada əsasnamənin pozulmasından söhbət gedə bilməz”. Həqiqətən, maraqlıdır. Belə çıxır ki, istənilən futbolçu ikinci komandanın heyətində qırmızı vərəqə ala bilər, amma növbəti matçlarda əsas komandada tam problemsiz oynaya bilər. Axı həmin futbolçu aldığı cəzanın müqabilində klubunu ziyana salır. Elə isə bəs söhbət niyə məhz maddi cəzadan gedir? Bir də nəzərə alaq ki, istənilən futbolçu cəzalanıbsa - fərqi yoxdur, əsas və yaxud əvəzedici komandanın heyətində növbəti matçı mütləq buraxmalıdır. Hər halda, bu, bizim bildiyimiz və dünya futbolunda qəbul olunmuş faktdır. Görünür, AFFA hələ də öz yazdığı qanunları əsas tutur.