Qız(ıl)ın üç adaxlısı var (EXPRESS, 04.04.2006)

single-news
4 Apr 2006

Qız(ıl)ın üç adaxlısı var (EXPRESS, 04.04.2006)



Futbol üzrə ölkə çempionatının güclülər dəstəsində 19-cu turun oyunları keçirildi. Martın 30-da "Bakı"nın "OMİK" üzərində 3:0 hesablı qələbəsiylə start verilən turda şənbə günü 4, srağagünsə daha 2 oyun baş tutdu. "Karvan" "Göyəzən"i beş cavabsız qolla darmadağın edib yenidən zirvəyə qayıtdı. 9, 61 və 69-cu dəqiqələrdə fərqlənərək het-trik edən Yakuba Bambanın qollarına Nəzər Bayramov (47) və Kənan Kərimov (65) daha ikisini əlavə etdi. Yevlaxlıların zirvəyə qalxmasında isə daha çox "Neftçi"nin gözlənilməz xal itkisi rol oynadı. "MKT-Araz"ı qəbul edən bakılılar 72-ci dəqiqədə Nadir Nəbiyevin qoluyla hesabda önə çıxsa da, 5 dəqiqə sonra Zoran Baldovaliyev status-kvonu bərpa etdi. Flaqmanın büdrəməsindən "İnter" də faydalandı. Qusarda "Şahdağ"ın qapısına iki dəfə yol tapan "bank təmsilçisi" "Karvan" və "Neftçi" kimi xalını 40-a yüksəltdi. Qeyd edək ki, bakılılara səfər qələbəsini Əliyar İsmayılovla (4) Vladimir Makovskinin (12) qolları qazandırdı. Ortababların görüşündə də maraqlı nəticələr qeydə alındı. "Xəzər-Lənkəran" "Qarabağ"ı ikinci hissədə vurduğu qollarla məyus etdi. Meydan sahiblərindən Alim Qurbanovla (54) Robert İlyeş (73) fərqləndi. "Olimpik"ə qələbəni isə Nizami Hacıyev qazandırdı. Məhz onun 65-ci dəqiqədə "Gəncə"nin qapısından keçirdiyi qol bakılılara ardıcıl üçüncü qələbəni qazandırdı. "Gənclərbirliyi" isə 2006-cı ildə hələ də uduzmayıb. Sumqayıtlılar bu dəfə Tovuzda qələbə qazandı. "Turan"ın qapısından yeganə qolu ilk yarıya əlavə olunmuş dəqiqələrdə Fəqan Şahbazov keçirdi. Beləliklə, zirvəyə üç komanda şərikdi. Amma güman ki, növbəti turlarda kimlərsə sıradan çıxacaq. Çünki bu komandaların bir-biriylə, eləcə də digər iddialılarla önəmli oyunları var. Yalnız yevlaxlıları qismən fərqləndirmək olar. Çünki əsasən zəiflərlə oynayacaq "Karvan"a yalnız evdə qarşılaşacağı "Neftçi" badalaq vura bilər. Amma hazırkı liderin 11 oyundu top buraxmadığını nəzərə alsaq, çətin ki, flaqman da onları yenə bilsin. Maraqlıdı ki, turnir cədvəlindəki üçhakimiyyətlilik bombardirlər yarışına da sirayət edib. Burada da ilk pilləni bərabər sayda qol vuran üç oyunçu bölüşür. 1. Karvan 19 12 4 3 27-6 40 2. Neftçi 19 11 7 1 42-11 40 3. İnter 19 11 7 1 29-10 40 4. Bakı 19 11 4 4 30-12 37 5. Turan 19 10 4 5 24-14 34 6. MKT-Araz 19 7 6 6 24-28 27 7. Gəncə 19 6 6 7 24-26 24 8. G.Birliyi 19 5 9 5 22-24 24 9. Qarabağ 19 6 4 9 20-27 22 10. Olimpik 19 5 7 7 14-14 22 11. X.Lənkəran 19 5 6 8 15-15 21 12. Şahdağ 19 4 5 10 16-31 17 13. OMİK 19 1 3 15 8-45 6 14. Göyəzən 19 0 6 13 10-42 6 Bombardirlər: Ə.Ticani (Şahdağ), N.Nəbiyev (Neftçi), Y.Bamba (Karvan) - 12.

Paylaş