QOÇULAR VƏ MAĞMINLAR YIĞINI

single-news
13 Dek 2007

QOÇULAR VƏ MAĞMINLAR YIĞINI



SALEH ARSLAN

 

Zalım uşaqları, imkan vermirlər ki, barı fasiləyə gedəndə beynimiz sakit olsun. Özləri indi kefdədi, biz də bunların törətdiklərindən yazmaqla məşğuluq. Balam, bilmirsən, bunlar futbolçu, yoxsa qladiator, ya da hakimdi, yoxsa Allahın mağmın bəndəsi? O gün Feyzulla Feyzullayevi meydançada altdan-altdan vurdular ha, bax onda bəlkə də neçə yüz mininci dəfə gəldi bu fikir ağlıma. Yəqin çoxunuz görmüsünüz o kadrları. Daha doğrusu, adını çəkməyi özümə rəva bilmədiyim oyunçunun «qəhrəmanlığını» və Feyzullanın ürkək-ürkək geriyə doğru addımlamağını. Şəxsən mən həmin epizodda hakimin iki təpik, bir neçə sillə, elə bir o qədər də yumruq almaqla canını qurtarmasına şükr eləmək istəmirəm. Niyə? Çünki atalarımızın sözü olmasın, günah öləndədi. Bir də günah bilirsiniz kimdədi? O hakimi əliyalın Yevlaxa göndərəndə. Bəli, bəli. Heç kinolarda görmüsünüz ki, iki qladiator döyüşə çıxanda birinin əynində hərbi libas olmasın? Ona görə də gərək Hakimlər Komitəsi bundan sonra hakimləri özlərini qorumaq üçün dəmir dəbilqə, qoruyucu jilet və s. kimi geyim-kecimlə təmin eləsin. Cavan uşaqları göndərirlər ucqar rayonlara, yolda qurd-quş cumar üstlərinə, şəhid eləyərlər…

Feyzulla qalmaqalçı hakimdir. Yadınızdadır, iki mövsüm bundan əvvəlki «Gənclərbirliyi» - «Şahdağ» oyunundakı hoqqaları? Ağlına gələn şəkildə çıxardığı qərarların nəticəsi o oldu ki, göndərdilər 10 oyunluq «istirahət» eləməyə. Yaxşı yadımdadır, bir dəfə onun məhəllə uşaqlarından biri (bəri başdan deyim ki, futbolun 22 nəfərlə oynandığını bilirdi) məndən soruşdu ki, Feyzulla necə hakimdir, yaman döşünə döyür? Qısa və lakonik cavab verdim: «Ona «Gənclərbirliyi» - «Şahdağ» oyununu xatırlat, bəs edər». Adamın üstündə Allah var, həmin tanışım o gündən sonra bir də Feyzulladan söz açmadı.

Feyzulla futbol adamının ailəsində dünyaya gəlib. Atası Azad Feyzullayev bir neçə kitab da yazıb. Düzü, heç əlimə keçməyib, ona görə də kiməsə oxumağı məsləhət bilsəm, doğru olmaz. Azad bəy yaşının ahıl çağındadır. Hərdən oyunlara hakim-inspektor kimi təyinat alır. İndiyə qədər hansısa qalmaqalda adı hallanmayıb. Amma deyəsən, oğlu ilə profilaktik iş aparmaqla arası yoxdur. Bəlkə də aralarında hansısa münaqişə də var və bəlkə hələ küsülüdürlər. Yoxsa inanmıram ki, Azad bəy öz övladının gələcəyini düşünməyəcək qədər paxıl insan olsun. Eybi yox, atası demirsə, mən deyim. Feyzi, qardaş, penaltini vermişdin, bunu başa düşdük. Qərarın da doğru idi. Yaxşı, bəs 11 metrlik nöqtəni göstərəndən sonra hadisə yerində nə itin azmışdı? Bəyəm sənə öyrətməyiblər ki, penalti və ümumiyyətlə, cərimə zərbəsini təyin etdinsə, hadisə yerinə getməyinə ehtiyac yoxdur? Yəqin öyrətməyiblər ki, səni o gün «kruq»a salmışdılar. Sən get, nəzir-niyaza payla, qurban kəs ki, ayaq altında qalmamısan. Məsləhətdi ki, bir az tələsəsən, çünki qarşıdan Qurban bayramı gəlir, gərək ol vaxta qədər niyyət qurbanını kəsəsən. Daha demə ki, pulun yoxdu…

P.S. Azərbaycanın karate məktəbinin başı sağ olsun. O cür «igid oğlan»ı futbola qapdırdığı üçün…

 

SALEH ARSLAN - DIGƏR YAZILARI

Paylaş

// pop up