Qolla bitib qolla başlayan hissələr (FUTBOL+,18.02.2006)
18 Fev 2006
Qolla bitib qolla başlayan hissələr (FUTBOL+,18.02.2006)
“Neftçi”nin start “11-liy”ində əsas diqqəti çəkən Rəşad Sadıqovun yer alması idi. Son 10 dəqiqədə meydanda olduğu “Şahdağ”la səfər matçından fərqli olaraq bu dəfə Rəşad əvvəldən axıradək oynamaq imkanı qazanmışdı. Millinin kapitanı ukraynalılarla yoldaşlıq görüşünədək lazımi oyun praktikası qazanmaq istədiyindən yağışın bərbad vəziyyətə saldığı qazonu çıxmağa risk etmişdi. Rəşadın oyun praktikasının azlığından əziyyət çəkməsi hiss olunurdu.
Rəşadla Aftandil xətti müdafiənin mərkəzində oynasa da, Abramidze tez-tez hücuma qoşulduğundan Sadıqov həm də onu sığortalayırdı. Oyunboyu Adamiyayla Nəbiyev də tez-tez mövqelərini dəyişirdi.
“Neftçi” ilk yarıda özünə bənzəmirdi. “Ağ-qaralar” oyuna arxayın başladı və bunun da acısını çəkə bilərdi. Amma rəqib arxa xəttdə yaranan boşluqlardan istifadə edə bilmirdi. Mircavadovun fasilədə verdiyi tapşırıqlar ikinci hissədə bakılıların daha etibarlı oynamasına imkan yaratdı. Bunda Çertoqanovun arxa xəttə daha çox yardımçı olması sözünü dedi.
Samir Musayevlə İrakli Beraya hesabı açmaq üçün çox çalışdı. İraklinin dəqiq güclü zərbəsini Miçoviç yumruqlarıyla qaytardığı halda, Samirin cərimə zərbəsindən sonra vurduğu qol ofsayd üzündən qeydə alınmadı. Yeri gəlmişkən, Musayev ikinci yarıda da eyni vəziyyətdən toru silkələdi.
Rəqibini aşkar üstələyən ağdamlılar ilk yarıda gözlənilən qolu vurmaqla oyunun marağını artırmalı idi. İki epizodda Mübariz Orucov fərqlənməyə yaxın oldu. “Neftçi”nin ilk ciddi həmləsini isə topu qapının üstündən vuran Stefanov boşa verdi. Ardınca Borets Subaşiçin ötürməsini boşa versə də, ilk qolda böyük rol oynadı. Nəbiyevin ötürməsindən sonra top Boretsin ayağından Subaşiçə düşdü və sonuncu uzaq küncü dəqiq nişan aldı.
Fasilə bitincə “Neftçi” ikinci qolu vurdu. Branimirin ara ötürməsindən sonra Adamiya sürət yığıb toru silkələdi. Ardınca Adamiyanın ötürməsini Subaşiç dirəkdən dönən zərbəylə tamamladı. İlk yarıda daha baxımlı oyun nümayiş etdirən “Qarabağ” fasilədən sonra da hücum edirdi. Qazonun yararsız vəziyyətə düşməsi fiziki hazırlığı ön plana çıxarırdı ki, bu komponentdə “Neftçi” rəqibini üstələyirdi. Həm də “Qarabağ”ın oyunçuları “Turan”la çətin görüşdən 4 gün sonra yenidən meydana çıxdığından yorğunluq sözünü deyirdi. Bununla belə, Sokolovun baş zərbəsi tirdən dönməsəydi, son dəqiqələr daha maraqlı keçəcəkdi.
Ağasəlim Mircavadov, “Neftçi”nin baş məşqçisi: “Meydanın vəziyyəti komandaların oyununa təsirini göstərdi. Bu zaman güc hesabına rəqibi üstələməyə çalışdıq. “Qarabağ”ın oyunu xoşuma gəldi ki, buna görə həmkarım Böyükağa Ağayevi təbrik etmək istərdim”.
Böyükağa Ağayev, “Qarabağ”ın baş məşqçisi: “Təqvimdə edilən dəyişiklik əleyhimizə oldu. “Neftçi”ylə 19-da qarşılaşmalıydıq. Futbolçularımız yorğun idi. Biz oyunun bu vaxta salınmasıyla bağlı AFFA-ya müraciət etsək də, etirazımıza baxılmadı. Bizə vaxt lazımdı və “Qarabağ”ın ən yaxşı oyunları hələ qabaqdadı”.