Qurban Qurbanov 13-cü dəfə ilin ən yaxşı məşqçisi seçildi
Qurban Qurbanov 13-cü dəfə ilin ən yaxşı məşqçisi seçildi
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycanda 2023-cü ilin ən yaxşı futbol məşqçisi seçilib. Təcrübəli mütəxəssis Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğunun qalibi olub.
İlin ən yaxşı məşqçisinin mükafatlandırma mərasimi “Fairmont otel”də təşkil olunub. Futbol ictimaiyyətinin nümayəndələri, jurnalistlər və digər qonaqların iştirak etdiyi tədbirdə Qurbanova mükafat təqdim edilib.
Tədbirdə çıxış edən mütəxəssis mükafatı qazanması ilə bağlı fikirlərini açıqlayıb: “Dəyər verildikdə daha məsuliyyətli oluram, həvəslənirəm və daha güclü oluram. Eyni zamanda, işim çətinləşir. Çünki o adı qoruyub saxlamaq vacibdir. Heç vaxt istəmərəm ki, hansısa idmançı və ya özüm haqda “zəifdir” ifadəsi işlənilsin. Uğurlarımızın daha böyük olmasını istəyirəm. Bizim hər bir uğurumuz xalqımızı nə qədər sevindirir. Azərbaycan futbolundan danışırıqsa, Avropa futbolu ilə müqayisə etməliyik. Avropada futbol həddən artıq inkişaf edir. Son günlər oyunlarımız, yaxşı anlarımız çox oldu. Bu il qarşıya qoyduğumuz məqsəd üç turnirdə keyfiyyətli çıxış etmək idi. Avropa Liqasında qrupu ikinci yerdə bitirərək pley-offa çıxdıq. Qarşıda çempionat və kubok matçları var. Çempionatda da hər şey qaydasındadır, komandamız birinci yerdədir”.
Qurbanov 66 jurnalistin qatıldığı sorğuda 56 səs toplamaqla, 2023-cü ilin ən yaxşı məşqçisi seçilib. Komandamızın baş məşqçisi 13-cü dəfə Azərbaycanda ilin ən yaxşı məşqçisi adını qazanıb.
Qeyd edək ki, komandamız Qurbanovun rəhbərliyi altında Premyer Liqanın 2022/23 mövsümünün çempionu olub və cari çempionatın lideridir. “Qarabağ”” UEFA Avropa Liqasında qrup ikincisi kimi pley-offa yüksəlib və bunu bacaran ilk Azərbaycan klubu kimi tarixə düşüb.